Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin hakimiyyət orqanları ABŞ ilə Azərbaycanın qərb rayonlarını onun eksklavı - Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək "Tramp marşrutu"nun (TRIPP, Zəngəzur dəhlizi - red.) açılmasının detallarını müzakirə etməyə başlayıblar.
Oxu.Az-ın Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, hələlik detallara dair razılaşma yoxdur.
Paşinyanın sözlərinə görə, "Tramp marşrutu" layihəsi Ermənistan-ABŞ ikitərəfli formatında müzakirə olunur:
"Ermənistan və ABŞ-nin razılığa gələcəkləri istənilən üçüncü tərəf cəlb oluna bilər. Bizim üçün etibarlı olan daha çox tərəfdaşın cəlb olunmasında maraqlıyıq.
Düzgünlük baxımından, Ermənistan və ABŞ artıq bu mövzunun müzakirəsini qeyd ediblər. Üçüncü tərəflər hər iki tərəfin razılığı ilə cəlb oluna bilər".
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı Birgə Bəyannamə imzalayıblar.
Sənədə əsasən, Ermənistan Azərbaycanın Naxçıvanla quru əlaqəsini quracağı marşrutu inkişaf etdirmək üçün ABŞ-yə 99 il müddətinə eksklüziv uzunmüddətli hüquqlar verəcək. ABŞ tərəfi torpaq sahəsini infrastruktur və idarəetməyə cavabdeh olan konsorsiuma subicarəyə verməyi planlaşdırır.