Ermənistanın yeni konstitusiya layihəsinin yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi gözlənilir. Ölkənin baş naziri Nikol Paşinyanın layihənin dərcindən sonra xalqa müraciət edəcəyi və gələcək müzakirələrlə bağlı əlavə məlumat verəcəyi bildirilir. Konkret tarix açıqlanmasa da Ermənistan mediası layihənin təqdimatının yaxın zamanda baş tutacağını yazır. Paşinyan daha əvvəl də yeni konstitusiya layihəsinin noyabr ayında dərc ediləcəyini bildirmişdi.
Sənədin ictimai müzakirəyə çıxarılması Ermənistanın daxili siyasi gündəliyində mühüm hadisə olmaqla yanaşı, Azərbaycan-Ermənistan münasibətlərində yekun sülhün əldə olunması baxımından da diqqət çəkir. Çünki Bakı ilə İrəvan arasında paraflanmış sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri Ermənistan konstitusiyasındakı mübahisəli müddəaların, daha dəqiq desək, Azərbaycana qarşı ərazi iddiaları ehtiva edən bəndlərin olmamasıdır. Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda imzalanan, 17 maddədən ibarət "Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında" Sazişdə bildirilir ki, tərəflər bir-birinin ərazi bütövlüyü, suverenliyini, sərhədlərin toxunulmazlığı və siyasi müstəqilliyini tanıyırlar. Habelə bir-birinə qarşı indi və gələcəkdə ərazi iddialarının olmadığını təsdiqləyir, bu cür hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə, dəstəklənməsinə yol verməyəcəyi öhdəliyini götürürlər. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsini şərtləndirir. Eyni zamanda, tərəflər separatizm və terrorizmin bütün təzahürlərini pisləyirlər. Bu isə Azərbaycan ərazilərində erməni separatizminin yenidən baş qaldırma riskinin olmadığını, Qarabağda separatizmin kökünün birdəfəlik kəsildiyini təsdiqləyir.

Ermənistanın 1990-cı ildə qəbul etdiyi Müstəqillik Bəyannaməsi 12 bənddən ibarətdir. Sənəddə həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, bəyannamə "1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən "soyqırımı"nın tanınması"nı dəstəkləyir. Ermənilər "Qərbi Ermənistan" dedikdə, Türkiyə Respublikasına, 1989-cu ildə Ermənistan SSR ilə artıq ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsinə dair qərara istinad etməklə isə Azərbaycana qarşı ərazi iddiaları irəli sürürlər. Azərbaycan da haqlı olaraq bu müddəaların sülh müqaviləsinə əngəl törətdiyini bildirir. Ermənistan konstitusiyasında belə bir müddəanın yer alması ərazi iddiasıdır və bu da beynəlxalq hüquqla ərazi bütövlüyü prinsipinə ziddir. Vaşinqtonda imzalanan sənəd isə qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasını tələb edir. Konstitusiyada belə bir istinadın qalması Ermənistanın gələcəkdə bu iddiadan yenidən istifadə edə biləcəyini göstərir, bu isə etimad böhranı yaradır. Çünki Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və ərazi iddiası heç bir halda qəbul edilə bilməz. Azərbaycan bunu ən ali səviyyədə dəfələrlə vurğulayıb və konstitusiya dəyişikliyinin şərt olduğunu diqqətə çatdırıb. Hələ bu ilin fevralında Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda keçirilən panel müzakirələrdə də bildirmişdi ki, Ermənistan konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə ilkin şərtdir.

Ermənistanın yeni konstitusiya layihəsinin hazırlanması prosesində ən ciddi sınaq məhz siyasi iradə məsələsi olacaq. Çünki sənəddə Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması ehtimalı Ermənistan daxilində birmənalı qarşılanmır. Müxalif qüvvələr bu məsələyə etiraz edirlər. Bu baxımdan, yeni konstitusiya layihəsinin ictimai müzakirəsi, parlamentdə mümkün siyasi müqavimət və referendum mərhələsi də ciddi əhəmiyyət daşıyacaq. Düzdür, artıq erməni mediasında yeni layihənin Müstəqillik Bəyannaməsinə istinad olmadan hazırlanması barədə məlumatlar yayılsa da, rəsmi sənədin dərcinə qədər bunu təsdiqlənmiş fakt kimi təqdim etmək mümkün deyil. Lakin İrəvanın bu prosesdə hansı qərarı verəcəyi onun yalnız daxili siyasi münasibətlərinə deyil, Azərbaycanla sülhün rəsmiləşdirilməsinə, regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına və Cənubi Qafqazda uzunmüddətli sabitliyə də təsir edəcək. Əgər Ermənistan yeni konstitusiyada Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların hüquqi əsasını aradan qaldırsa, bu, sülh sazişinin imzalanması yolunda mühüm siyasi addım olacaq. Ancaq dəyişikliklərin yalnız formal xarakter daşıması, mövcud ziddiyyətlərin hər hansı bir şəkildə sənəddə saxlanılması Bakı ilə İrəvan arasında etimadın formalaşmasına kifayət etməyəcək. Beləliklə, Paşinyan hökumətinin qarşıdakı addımları Ermənistanın sülhə nə dərəcədə hazır olduğunu göstərəcək. Yeni konstitusiya layihəsi bu baxımdan təkcə hüquqi islahat deyil, həm də İrəvanın sülh seçiminə nə dərəcədə hazır olduğunun siyasi göstəricisi olacaq.