ABŞ Prezidenti Donald Trampın Filippin dövlət başçısı Ferdinand Markosla Manilada baş tutan görüşü zamanı 35 yaşlı köməkçi Natali Harpın Ağ Ev rəhbərinin dərhal arxasında əyləşməsi diqqət çəkib. Onun yüksəkrütbəli rəsmilərin sırasında yer alması media nümayəndələrinin marağına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Beast" nəşri məlumat yayıb.
Noyabrın 18-də prezident sarayında keçirilən görüşün yayımlanan kadrlarında mavi paltarlı Harpın Trampın arxasında oturduğu və daim kameraların obyektivində qaldığı görünür.
ABŞ rəhbərinin yaxınlığında dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent və digər yüksəkvəzifəli şəxslər də yer alıblar.
Nəşrin bildirdiyinə görə, diplomatik tədbirdə Harpın niyə bu qədər önəmli bir yerdə əyləşdirildiyi hələlik məlum deyil. Bununla belə, köməkçinin Amerika liderini səfərlərdə və rəsmi görüşlərdə mütəmadi olaraq müşayiət etdiyi vurğulanır.
Natali Harp hazırda ABŞ prezidentinin icraçı köməkçisi vəzifəsini icra edir. Amerika mətbuatında ona Tramp üçün xəbərləri, sosial şəbəkə paylaşımlarını və digər məlumatları çap etmək vərdişinə görə "printer insan" ləqəbi verilib. O, eyni zamanda, Ağ Ev rəhbərinə "Truth Social" platformasındakı hesabı idarə etməkdə dəstək olur. Son aylar ərzində ABŞ mediası Harpın prezidentə yaxınlığını dəfələrlə gündəmə gətirib.
"The Daily Beast"in məlumatına əsasən, o, Trampın iş otağının yaxınlığında kabinetlə təmin edilib və prezidentin telefon danışıqlarının təşkilində iştirak etmək səlahiyyəti alıb. Filippindəki görüşlə əlaqədar köməkçinin yeni rəsmi təyinatı barədə isə heç bir məlumat verilməyib.