Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ermənistanın siyasəti iflasa uğradıldı: Keçmiş prezidentlər özlərini necə ifşa etdilər?
"1988-ci ildən etibarən Ermənistan və SSRİ-nin Azərbaycana qarşı yürütdüyü bir irqçi siyasət var idi və bu irqçilik, əslində, onların ideologiyasının əsasını təşkil edirdi. 1987-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistandan qovulub Azərbaycana gələndə biz artıq onda gördük ki, burada tamamilə irqçi siyasət yürüdülür və bu siyasətin məqsədi etnik təmizləmə, Ermənistan SSR-in ərazisini azərbaycanlılardan təmizləmək idi. Bu, irqçi ideologiyasının əsas elementlərdən hesab olunan siyasət idi".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Onun sözlərinə görə, burada əsas hədəf Ermənistanda monoetnik respublika yaratmaq idi və həmin dövrdə də müxtəlif hərbi birləşmələrin Ermənistan ərazisində fəaliyyət göstərməsi, insanlara qarşı zor tətbiq etməsi, qətlə yetirilməsi artıq göstərirdi ki, bu hadisələr sistemli xarakter daşıyır və bu münaqişə qısamüddətli olmayacaq:
"1991-ci ildə SSRİ süqut edəndən və ittifaq respublikaları müstəqillik əldə edəndən sonra hələ Ermənistan SSR-də etnik zəmində başlayan münaqişə soyqırımına qədər gətirib çıxaracaq dərəcədə qabarıq şəkildə özünü büruzə verdi. Həmin dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan idi. Faktiki olaraq, bu siyasətin arxasında əslən Suriyanın Hələb şəhərindən olan Ter-Petrosyan dayanırdı. Son yayılan videolardan da bəlli olur ki, Ter-Petrosyan bu faktı, sadəcə, etiraf etdi.
Maraqlısı odur ki, hələ SSRİ dağılmamışdan bu hadisələr hamının gözü qarşısında baş verir, üstəlik, tək Ermənistanla məhdudlaşmırdı. Eyni zamanda, 1990-91-ci illərdə Qazax istiqamətində "Yerkrapa" təşkilatı və silahlı qanadları da qətliam törədirdilər. Məsələn, Qazaxın Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-nə keçən gecə həmin hərbi birləşmələrin hücumuna məruz qalmış, 10 nəfər qətlə yetirilmiş, 15 nəfər yaralanmış, 100-dən çox ev dağıdılmışdı.
Digər Azərbaycan kəndlərinə də nəzər salanda görürük ki, bənzər aqibəti həmin kəndlərin sakinləri də yaşamışdılar. Bu, onu göstərir ki, Ter-Petrosyanın cinayətlərini ehtiva edən etirafları təkcə Ermənistan ərazisi ilə məhdudlaşmamalıdır. Üstəlik, həmin videoda 170 min azərbaycanlının Ermənistandan zorla çıxarılmasından danışılır, amma hamı bilir ki, Ermənistandan 300 mindən çox azərbaycanlı qovulub və Azərbaycana pənah gətirib. Bu, beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Deməli, demokrat, liberal imici yaratmış Levon Ter-Petrosyan bu etirafı ilə hansı xislətə, hansı faşist təfəkkürünə malik olduğunu göstərmiş oldu. Bu etiraf, əslində, bir çox məsələlərdən xəbər verirdi".
"Birincisi, Azərbaycana qarşı Ermənistan ərazisində fəaliyyət göstərən silahlı birləşmələr xüsusilə Basarkeçər, Zəngibasar və Amasyada, Zəngəzur mahalında çox fəal olublar. Həmin "Yerkrapa" terror təşkilatı azərbaycanlıları kompakt şəkildə yaşadıqları həmin ərazilərdən amansızlıqla çıxarıb, onları etnik təmizləməyə məruz qoyub.
İkincisi, azərbaycanlıların Ermənistanda mövcudluğu milli azadlıq hərəkatına əngəl törədən amil kimi qeyd olunurdu və bunun nəticəsində Ermənistan respublikasının yaranmasının mümkünsüzlüyü kimi fikirlər ortaya atılırdı. Bu da əbəs deyil, çünki hamı bilir ki, Ermənistan respublikası özü bir layihə idi.
Sonrakı mərhələdə isə Ter-Petrosyan Qarabağ və ətraf rayonları işğal edərək, sülh prosesini yubatmağı hədəfləyib. Yəni onların məqsədi hər zaman vaxt uzatmaq, sülh danışıqları adı altında status-kvonu qoruyub-saxlamaq və müxtəlif güclərin təzyiqi ilə Azərbaycana yaranmış reallığı qəbul etdirmək niyyəti olub. Odur ki, Levon Ter-Petrosyan tərəfindən dilə gətirilən etiraflar, sonrakı mərhələdə Serj Sarqsyanın Xocalı soyqırımı ilə bağlı, Robert Koçaryanın "iki millətin bir yerdə yaşamasının genetik uyğunsuzluğu" ilə bağlı etirafları ilə eynilik təşkil edir və onların hamısı bir ideologiyanın tərkib hissəsi olaraq yetişdirilən insanlardır.
Sadəcə olaraq, 2020-ci ildə Azərbaycanın Ermənistan silahlı qüvvələrinin təxribatlarına qarşı həyata keçirdiyi əks-hücum əməliyyatı - 44 günlük Vətən müharibəsi onları yaranmış reallıqla barışdırıb, fərqli fikirlər söyləməyə vadar etdi. 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə Ermənistanın 1988-ci ildən bəri həyata keçirdiyi radikal irqçi ideologiyası zəminindəki işğalçılıq siyasəti iflasa uğradıldı. Bundan sonra Ter-Petrosyan da, Sarqsyan da, Koçaryan da özlərini bir növ "təmizə çıxarmağa" məcbur oldular", - deyə deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, "Yerkrapa" terror təşkilatının fəalları ilə görüşən Ter-Petrosyan ovaxtkı Ermənistan SSR-in, sonrakı Ermənistan respublikasının mahiyyətini açmış oldu:
"Bu etiraflar bir daha göstərdi ki, Cənubi Qafqazın separatçılıq ocağına çevrilməsi fonunda faşist ideologiyasının formalaşmasına gətirib çıxaran proseslər bütövlükdə beynəlxalq hüququn norma və prinsiplərinə zidd hadisələr kimi dəyərləndirilməlidir. O hadisələrdə iştirak edənlər hüquqi məsuliyyətə cəlb olunmalıdırlar".
"Amma biz bütün bunlara baxmayaraq, Vətən müharibəsində qələbə qazanacağımıza inanırdıq, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən torpaqlarımızın azad ediləcəyinə əmin idik. Bu gün həmin ərazilər bərpa olunur, mina terroru ilə mübarizə aparırıq, 34 minə qədər insan həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olur, keçmiş məcburi köçkünlərin bir qismi doğma torpaqlarında məskunlaşıb. Biz inanırıq ki, ölkəmiz qarşıya qoyulan hədəflərə hər zaman çatır və fəaliyyətimiz milli maraqlara və beynəlxalq hüquqa söykənir", - deyə millət vəkili fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- BMT çərçivəsində yeni beynəlxalq konvensiya qəbul ediləcək - Deputat AÇIQLADI
- 30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
- Azərbaycanın 2024-cü ildə vəfat edən məşhurları