İsveçrənin Sürix şəhərində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyasının növbəti toplantısı keçirilib.
Toplantıda 2008-ci ildən Alyansın üzvü olan AZƏRTAC da iştirak edib.
Alyansın prezidenti, Avstriyanın APA agentliyinin rəhbəri Klemens Piq gündəlikdəki məsələləri müzakirəyə çıxararaq qeyd edib ki, alyans üzv agentliklər üçün daha faydalı olmaq, qurumda təcrübə mübadiləsini genişləndirmək istiqamətində layihələrini davam etdirəcək.
Assambleya çərçivəsində qurumun idarəedici orqanına seçkilər keçirilib. Böyük Britaniyanın “Press Association” (PA) agentliyinin icraçı direktoru Klayv Marşalın Alyansın Büro üzvü kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onun yerinə İtaliyanın ANSA agentliyinin baş direktoru Stefano de Alessandrinin namizədliyi səsə qoyularaq qəbul olunub.
Həmçinin təşkilatın Mükəmməllik Mükafatının qaliblərinə - İspaniyanın EFE və Böyük Britaniyanın PA agentliklərinə diplomlar təqdim edilib.
Baş Assambleyada EANA-ya üzvlük üçün müraciət edən bir neçə ölkənin milli informasiya agentliyinin namizədliyi səsverməyə çıxarılıb. “EANA Gənc Jurnalistlər Proqramı”nın Baş Assambleyasının hesabat layihəsinə müraciət edən 30-dan çox Avropa xəbər agentliyi arasında Böyük Britaniya və İsveçrə xəbər agentlikləri ilə yanaşı, Türkiyənin “Anadolu” Agentliyi (AA) də seçilib.
AA baş direktoru Serdar Karagöz iclasda Kosovoda yayımlanan “KosovoPress” Agentliyinin səs çoxluğu ilə üzvlüyə qəbul edildiyini bildirib. O, həmçinin Ermənistanda yayımlanan “Armenpress” agentliyinin üzvlük müraciətinin səsvermədə rədd edildiyini əlavə edib.
Alyansın növbəti toplantılarının Brüssel, Paris və Lissabon şəhərlərində keçirilməsi qərara alınıb. “Anadolu” Agentliyi növbəti toplantılardan birinin Türkiyədə təşkil olunmasını təklif edib.
“Biz Baş Assambleyada EANA toplantısının 2024-cü ildə İstanbulda keçirilməsini təklif etmişik”, - deyə Serdar Karagöz bildirib.