Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Federasiya prezidenti: “Xankəndidəyik, bundan şərəfli nə var ki?!”
“Bu gün Xankəndidəyik. Bundan gözəl, şərəfli nə var ki?!”
“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Xankəndi - Bakı ultramarafonu barədə jurnalistlərə açıqlamasında deyib.
Qurum rəhbəri 30 illik həsrətə son qoyulduğunu bildirib:
“Bu ağrı-acını illərlə birlikdə yaşamışıq. Mən özüm Kəlbəcərdənəm, düz 30 il əvvəl oradan çıxmışdım.
Amma sonra Prezident İlham Əliyevin başçılığı altında müzəffər Ordumuz torpaqlarımızı işğaldan azad etdi. Bu gün Xankəndidə tədbir keçiririk. Mənim üçün dünyada bundan yaxşı heç nə ola bilməz. Hər bir azərbaycanlı üçün bu, əsl fəxarətdir. Gözümüz aydın olsun. Qarabağ Azərbaycandır!”
Qeyd edək ki, ultramarafon iştirakçıları Xankəndi - Yevlax (83 km), Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, ümumilikdə 380 km məsafə qət edəcək və martın 4-də Bakıya çatacaqlar. Hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.