Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində bir sıra mühüm qərarlar imzalanıb. Bu proses zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov Ağ Evin Elm və Texnologiya Siyasəti İdarəsinin direktoru Maykl Kratsiosla görüşüb, iki ölkə arasında bilik və təcrübə transferi, tədqiqat-inkişaf mərkəzlərinin yaradılması, süni intellekt, data infrastrukturunun formalaşdırılması, insan kapitalının inkişafı imkanları müzakirə edilib. Həmçinin ABŞ Prezidenti Donald Tramp da bu günlərdə rəsmi Bakı ilə bu istiqamət üzrə əməkdaşlıqdan söz açıb.
Bəs ABŞ ilə sözügedən sahədə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?
Mövzu ilə bağlı Oxu.Az-a danışan İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov bildirib ki, bu prosesdə ölkəmiz bir neçə istiqamətdə üstünlük əldə edəcək.
O vurğulayıb ki, əsas nüans texnoloji üstünlük və inkişafdır:
"Əvvəla, ABŞ-nin dəstəyi nəticəsində süni intellektlə bağlı inkişaf yolunu daha tez keçəcəyik. Bu sahədə Birləşmiş Ştatlarda belə böyük kadr çatışmazlığı var. Təsəvvür edin ki, qeyd olunan ölkədə belə problemlər varsa, süni intellektin tətbiqinə yeni başlayan Azərbaycan üçün mütəxəssislərə daha çox ehtiyac var. Həmçinin kadrın hazırlanması üçün böyük məbləğdə maliyyə lazımdır. Bu çatışmazlığı əməkdaşlıq çərçivəsində həll edə bilərik. Bundan başqa, iqtisadi üstünlüyümüzü də təmin etmək imkanımız var. Süni intellekt əsaslı rəqəmsal iqtisadiyyatımızı inkişafına nail olacağıq. Hətta ixrac edə biləcəyimiz rəqəmsal texnoloji məhsullar yaratmaq potensialımız mövcuddur. Bunun fonunda rəqəmsal suverenliyimiz möhkəmlənəcək və daha da inkişaf edəcək. Həmçinin sözügedən sahə ilə bağlı imicimizi də formalaşdıracaq. Qonşu ölkələrlə müqayisədə daha ön plana çıxa biləcəyik".
Aqil Vəlili