"Azərbaycanın 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin Zirvə görüşünə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və çoxtərəfli diplomatiyada qazandığı mövqenin mühüm göstəricisidir. Azərbaycanın bu platformada əvvəlki sammitlərdən etibarən fəal təmsil olunması ölkəmizin Avropa siyasi dialoqunda iştirakına verdiyi əhəmiyyəti nümayiş etdirir. Hesab edirəm ki, 2028-ci ildə Bakıda keçiriləcək sammit bu iştirakın daha geniş və konkret əməkdaşlıq imkanları ilə zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyacaq".
Bu fikirləri Oxu.Az-a açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.
O qeyd edib ki, Dublin sammiti çərçivəsində Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, bir sıra dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlər Azərbaycanın regional təhlükəsizlik, sülh və əməkdaşlıqla bağlı mövqeyinin beynəlxalq tərəfdaşlara çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir:
"Xüsusilə Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə münasibətlərin yeni sahələr üzrə inkişafı üçün institusional əsasları gücləndirir. Bu sənəddə müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya kimi istiqamətlərin əhatə olunması Azərbaycan-Avropa əməkdaşlığının gələcək perspektivləri barədə də müəyyən təsəvvür yaradır".
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın Avropa üçün əhəmiyyəti yalnız enerji və nəqliyyat sahəsindəki imkanlarla ölçülməməlidir. Ölkəmiz Cənubi Qafqazda sülh gündəliyinin irəlilədilməsi, Avropa ilə Mərkəzi Asiya arasında bağlantıların genişləndirilməsi, Orta Dəhlizin inkişafı və regional iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından da mühüm mövqeyə malikdir.
"Məncə, Bakı sammitinin əsas üstünlüklərindən biri Azərbaycanın yalnız beynəlxalq müzakirələrdə iştirak etməsi deyil, həm də bu müzakirələrin aparılacağı platformaya ev sahibliyi etməsidir. Bu, ölkəmizə öz təşəbbüslərini, regional baxışlarını və gələcəyə hesablanmış əməkdaşlıq təkliflərini daha geniş auditoriyaya təqdim etmək imkanı verəcək. Eyni zamanda, Azərbaycan Avropa ilə münasibətlərini inkişaf etdirərkən Türkiyə, Mərkəzi Asiya, MDB və islam dünyası ilə əlaqələrini də davam etdirir. Bu istiqamətlərin paralel inkişafı ölkəmizin beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirir", - deyə F.Şahbazlı vurğulayıb.
O əlavə edib ki, qarşıdakı iki il ərzində əsas diqqət Bakı sammitinin siyasi və praktiki nəticələrinin əvvəlcədən formalaşdırılmasına yönəlməlidir. Süni intellekt, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, təhsil, investisiya və nəqliyyat kimi sahələrdə yeni əməkdaşlıq təşəbbüslərinin hazırlanması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
"Bakı sammitini yalnız yüksək səviyyəli beynəlxalq tədbir kimi deyil, Azərbaycanın gələcəkdə Avropa ilə əməkdaşlığının istiqamətlərini müəyyənləşdirən mühüm fürsət kimi qiymətləndirirəm. Əsas məsələ bu fürsətdən səmərəli istifadə etmək, siyasi dialoqu konkret layihələrlə tamamlamaq və ölkəmizin regional təşəbbüslərinin beynəlxalq miqyasda daha geniş dəstək qazanmasına şərait yaratmaqdır", - deyə siyasi şərhçi fikirlərini yekunlaşdırıb.