Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Güclü yağışın fəsadları ilə bağlı Nazirlər Kabinetində iclas - Yekun qərarlar veriləcək
Oktyabrın 23-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər Bakıda və Abşeron yarımadasında normadan artıq yağıntı ilə müşahidə olunan qeyri-sabit hava şəraiti, intensiv yağıntının törətdiyi fəsadların araşdırılması və nəticələrinin aradan qaldırılması, gələcəkdə belə halların baş verməsinin qarşısının alınması ilə bağlı məsələlərə həsr olunmuş iclas keçirilib.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən xəbərə görə, iclasda aidiyyəti qurumların rəhbərləri iştirak ediblər.
Baş nazir Əli Əsədov yağıntıların normadan artıq olması kimi obyektiv səbəblə yanaşı, subyektiv səbəblərin də mövcudluğunu vurğulanıb, müvafiq infrastrukturun tam gücü ilə işləməməsinin bir sıra ciddi fəsadlar və itkilərlə nəticələndiyini bildirib.
Hazırda ziyan dəymiş infrastrukturun fəaliyyətinin bərpası üçün zəruri tədbirlərin görüldüyü, vəziyyətin araşdırıldığı və nəticələrin aradan qaldırılmasından sonra yekun qərarların qəbul ediləcəyi diqqətə çatdırılıb.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Vilayət Eyvazov, Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov və başqaları yağıntının yaratdığı fəsadlar, onların ilkin məlum olan səbəbləri və aradan qaldırılması ilə bağlı məruzələrlə çıxış ediblər.
Ən təxirəsalınmaz texniki məsələlərin həlli, bütövlükdə Bakı şəhərinin infrastrukturuna dair məsələlər müzakirə edildi, müvafiq tapşırıqlar verilib.
Baş nazir hava şəraitinin törətdiyi fəsadların nəticələrinin aradan qaldırılmasının sürətləndirilməsinə, səbəblərinin tam araşdırılaraq təhlil edilməsinə, gələcəkdə bu cür hadisələr zamanı mümkün fəsadların qarşısının alınması üçün qısamüddətli və uzunmüddətli tədbirlərin görülməsinə, müvafiq infrastrukturun tam hazır vəziyyətə gətirilməsi üçün təxirəsalınmaz addımların atılmasına dair tapşırıqlar verib.
Həyata keçiriləcək bütün tədbirlərin keyfiyyətlə və qısa zamanda başa çatdırılmasına aidiyyəti qurumların ciddi məsuliyyət daşıdığı diqqətə çatdırılıb.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Əli Əsədov Misirdə ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib
- Əli Əsədov Qahirədə Yaxın Şərqdəki böhrana həsr olunmuş xüsusi sessiyada iştirak edib
- Əli Əsədov: "Azərbaycan Qəzza sakinləri ilə həmrəyliyini ifadə edir"
- Əli Əsədov Qahirədə Rəcəb Tayyib Ərdoğan və digər dövlət başçıları ilə görüşüb
- Əli Əsədov: "Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir"