Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Hadi Rəcəbli: “Facebook”da bir söz ortaya atır, aləmi qarışdırır
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinə ötən dövrdə, son payız sessiyası və ondan keçən müddətdə ən çox ünvanlanan müraciət ünvanlı sosial yardımla bağlı olub.
Oxu.Az-ın xəbərinə görə, bunu adıçəkilən komitənin sədri Hadi Rəcəbli komitənin MM-in qarşıdan gələn 2019-cu il payız sessiyası ilə bağlı yanvarın 24-də keçirilən ilk iclasında deyib.
O qeyd edib ki, son payız sessiyasında komitədə 45 məsələ, o cümlədən, 21 qanun layihəsi müzakirə olunub, plenar iclasa tövsiyə edilib və onların qəbulu mümkünləşdirilib:
“Bizə edilən müraciətlərin ən çoxu ünvanlı sosial yardımla bağlıdır. İnsanlar onların da ünvanlı sosial yardımla təmin olunmasını istəyir. Qeyd edək ki, həmin insanların bəzilərinin müraciətləri aidiyyəti orqan tərəfindən müsbət cavablandırılıb. Amma nə edək ki, hamının müraciətini, arzusunu təmin mümkün olmur. Bu, heç də bizdən asılı olan məsələ deyil”.
Komitə sədri onlara ünvanlanan müraciətlər arasında əlilliklə, səhiyyə ilə bağlı müraciətlərin də olduğunu bildirib:
“Komitəmiz bu çağırışdan səhiyyə məsələləri ilə məşğul olmasa da, yenə də insanlar bizə üz tutur. Çünki bizim komitəyə etimad böyükdür”.
Adıçəkilən komitənin üzvü Musa Quliyev də, ünvanlı sosial yardım məsələsinə toxunaraq, bunun müvəqqəti bir layihə kimi nəzərdə tutulduğunu xatırladıb.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı hamının istəyini reallaşdırmaq mümkün deyil.
Millət vəkili komitənin bir sıra məsələlərlə, o cümlədən, özünüməşğulluq məsələsi ilə bağlı dinləmələr keçirməsinin vacibliyini dilə gətirib. Bu təklif komitə sədri tərəfindən də dəstəklənib.
Komitə sədri bildirib ki, dinləmələr təklifi və praktikası məhz onlar tərəfindən gəlib:
“Bu məsələni ilk dəfə biz qaldırmış, təklif etmiş və ötən müddətlərdə onun reallaşdırılmasına nail olmuşuq. Odur ki, bu sessiyada dinləmələr keçirilə bilər. Bu məsələdə Musa müəllimin təklifini dəstəkləyirəm”.
Komitənin üzvü, professor Jalə Əliyeva ötən illər ərzində istər Azərbaycan dövlətinin, istərsə də ölkə parlamentinin müstəqil dövlət quruculuğunda böyük addımlar atdığını, böyük nailiyyətlərə nail olduğunu bildirib:
“Bəzən görürsən ki, bu addımlar, bu inkişaf kimlərisə qıcıqlandırır, narahat edir. Amma atalar məsəlində deyildiyi kimi, “yel qayadan nə aparar ki?!” İnkişafımıza, uğurlarımıza atılan daşlar əvvəl-axır onu atanların özünə qayıdır və qayıdacaq. Uğurlarımızın, inkişafımızın üzərinə kölgə salmaq mümkün olmayacaq”.
Millət vəkilinin fikirlərini HadiRəcəbli davam etdirib.
O qeyd edib ki, Azərbaycanın inkişafı göz önündədir:
“Biz çox ölkələrdə oluruq, gəzirik, görürük. Ancaq Azərbaycana, Bakıya daxil olanda adamın ürəyi, könlü açılır. Hər yerdə inkişaf, gözəllik var. Düzdür, inkişaf, cəmiyyətlər problemsiz də olmur. Heç bir cəmiyyət bunlardan xali deyil. Amma Azərbaycanın böyük uğurları göz önündədir. Bununla belə, təəssüf edirəm ki, bəzən hətta bura girib-çıxanlardan bəziləri də qarayaxmalarla, böhtanlarla məşğul olur.
Götürür, “Facebook”da, sosial şəbəkələrdə bir söz ortaya atır, aləmi bir-birinə qarışdırır, hamısı da yalan, böhtan. Biz də insanıq, biz də nəyisə bu və ya digər formada səsləndirə bilərik... Burada qəribə nə var ki? Amma görürsən ki, yox, demədiyin sözü, fikri başqa cür yozub, böhtana, qarayaxmaya keçirlər. Təəssüflər ki, belələri də var”.
H.Rəcəbli qeyd edib ki, Əmək və sosial siyasət komitəsi ən ağrılı problemlərlə məşğul olur, sosial durumu aşağı olan aztəminatlı qrup insanlarla işləyir:
“Məntiqli olaraq, problemlər də meydana çıxır. Bütün hallarda biz əhalinin qaldırdığı problem və məsələlərin həllinə müsbət yanaşırıq, eyni zamanda, qayğı göstəririk və müraciətlərinə diqqətlə baxırıq. Prezident İlham Əliyevin mühüm sosial əhəmiyyət kəsb edən humanist təşəbbüsü ilə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat birdəfəlik ödənişin verilməsinin icrası ilə bağlı bəzi problemlər ortaya çıxdı.
Narazı insanların qarşısına çıxdıq, söhbət apardıq. Humanist söhbətlərimizə baxmayaraq, bəzi hallarda saytlar - heç adına müxalif də demək olmaz - bunu yanlış təqdim etdilər. Həmin saytlar bizim işimizi başqa formada çatdırmağa çalışırdılar. Milli Məclisin rəhbərliyinə təşəkkür edirəm ki, onlar gərgin məsələlərin həllində hər zaman bizim yanımızda olublar”.
Kamil HƏMZƏOĞLU
"Azərbaycan" teqi üzrə xəbərlər
- Türkiyə vətəndaşı Azərbaycanda öldü
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Abdulkadir Uraloğlu: "Türkiyə-Azərbaycan tranzit keçid sənədi kvotası 100 minə yüksəldildi"
- Göyərtəsində azərbaycanlıların olduğu gəmi Kerç boğazında çətin vəziyyətə düşüb
- Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi qəbul edildi