"Mərkəzi Asiya ilə uğurlu əlaqə qurması üçün ABŞ-nin Bakıya ehtiyacı var".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Hadson Universiteti analitik mərkəzinin saytında dərc edilmiş məqalədə bildirilir.
Məlumata görə, noyabrın 6-da C5 kimi tanınan beş Mərkəzi Asiya respublikasının - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderləri "C5+1" formatının onuncu ildönümünü qeyd etmək üçün Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcəklər.
Qeyd olunur ki, 2015-ci ildə təsis edilən "C5+1" ABŞ-nin Mərkəzi Asiyanın beş ölkəsi ilə kollektiv şəkildə əlaqə saxladığı əsas platformadır.
"C5+1"i Azərbaycanı daxil etməklə "C5+2"yə çevirin. ABŞ-nin Mərkəzi Asiya ilə uğurlu əlaqə qurması üçün Bakının köməyinə ehtiyacı var. İqtisadi, tarixi və logistik səbəblərə görə, Azərbaycan Mərkəzi Asiya ölkəsi olmasa da, transatlantik icma üçün regiona giriş qapısıdır. ABŞ-nin mərhum dövlət xadimi Zbiqnev Bjezinskinin dediyi kimi, "Azərbaycan Xəzər dənizi hövzəsinin və Mərkəzi Asiyanın sərvətlərini ehtiva edən şüşənin qapağıdır". Əgər ABŞ bu təşəbbüslərin uğur qazanmasını istəyirsə, Azərbaycan masada yer almalıdır. Bu cür əməkdaşlıq, hər il keçirilən "C5+1" görüşünün sonunda "C5+2"nin xüsusi sessiyasını əlavə etmək qədər sadə ola bilər", - deyə materialda qeyd olunub.
