Rusiyanın Həştərxan şəhərində “Xəzər Mediası. Gəncliyin ölçüsü” mövzusunda beynəlxalq forumun açılışı olub.
“Report” xəbər verir ki, forumda iştirak edən Həştərxanın qubernatoru qonaqları və iştirakçıları salamlayaraq mərasimi açıq elan edib.
O, çıxışında Böyük Vətən müharibəsində Azərbaycanın böyük roluna toxunub. Bildirib ki, Azərbaycan həm neft baxımından cəbhəyə yardım edib, həm də insanları mərdliyi ilə seçilib.
Forumda, MEDİA inkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Rusiya Federasiyasının xarici ölkələrlə mədəni əlaqələr referanti Aleksey Vlasov, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Rusiyanın Elektron İnkişaf nazirinin müavini Bella Çerkesova, İranın Mədəniyyət nazirinin müavini Farşad Mexdipur, Qazaxıstan Səfirliyinin siyasi şöbəsinin rəhbəri Aljan Tursunkulov çıxış ediblər.
Bu forum həmçinin ilk dəfə Belarus və Moldova nümayəndələrinin iştirakı baxımından da əlamətdar olub.
Çıxış edənlər ölkələr arasındakı dostluq əlaqələrinin media vasitəsilə inkişafının önəmindən danışıblar. Həmçinin, belə tədbirlərin jurnalistlər üçün bir fürsət olduğunu qeyd ediblər.
Forum sabah işini davam etdirəcək.
09:51
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan şəhərində səfərdədir.
“Report” xəbər verir ki, səfərin məqsədi burada keçirilən “Xəzər Mediası. Gəncliyin ölçüsü” mövzusunda beynəlxalq forumda iştirak etməkdir.
Digər rəsmi şəxslərin və jurnalistlərin təmsil olunduğu heyət səfərə ümummilli lider Heydər Əliyevin şəhərdəki abidəsini ziyarət etməklə başlayıb. Heyət üzvləri abidənin qarşısına gül çələngi qoyub.
Forumda Xəzərətrafı ölkələrin media nümayəndələrinin müxtəlif problemləri, bu sahənin perspektivləri ətrafında müzakirələr aparılacaq. Azərbaycan nümayəndə heyətində təmsil olunan diplomatların və media nümayəndələrinin də çıxışı gözlənilir.
Forum iştirakçıları arasında işgüzar jurnalistika və biznes kommunikasiyaları, Xəzərətrafı ölkələrin media və gənclər siyasəti mövzularında diskussiyalar paneli təşkil olunacaq. Tədbir boyunca müxtəlif mövzularda bir neçə treninq, debat, tok-şou və master-klasın keçirilməsi də nəzərdə tutulur.
Nümayəndə heyətinin tərkibində “Report” İnformasiya Agentliyinin baş direktoru Fuad Hüseynəliyev də təmsil olunur.