Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur - FOTO
Azərbaycan Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 10 illiyini qeyd edən “Revelations” Beynəlxalq Sənərkarlıq və Yaradıcılıq Biennalesində təmsil olunur. Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə biennaledə Elvin Nəbizadənin 2017-ci ildə Venesiya Biennalesi üçün yaratdığı və Heydər Əliyev Fondu tərəfindən “Revelations” Beynəlxalq Biennalesi üçün seçilmiş “Bir günəş altında” adlı müasir instalyasiyası sərgilənir. Biennale çərçivəsində Azərbaycan stendinin açılışı olub.
Stendin açılışında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri Soltan Məmmədov, “Grand Palais” Milli muzeylər birliyinin prezidenti Jan-Pol Kluzel, azərbaycanlı və fransız parlamentarilər, incəsənət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Fransadakı səfir Leyla Abdullayeva çıxış edərək Azərbaycan mədəniyyəti və incəsənətinin təşviqi ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrdən söz açıb. Fondun dəstəyi ilə Azərbaycanın istedadlı incəsənət nümayəndələrinin əsərlərinin Parisdə dəfələrlə nümayiş olunduğunu vurğulayıb. Azərbaycan stendindəki instalyasiyanın göy qurşağını əks etdirdiyini deyərək, onun ölkəmizdə sülhü, aydın gələcəyi təcəssüm etdirdiyini bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov instalyasiyanın müəllifi, heykəltəraş Elvin Nəbizadənin Azərbaycanın müasir incəsənəti sahəsində istedadlı heykəltəraşlardan biri olduğunu qeyd edib. E.Nəbizadənin əsərlərinin dünyanın bir çox tanınmış qalereyalarında sərgiləndiyini diqqətə çatdırıb. Bildirib ki, bu əsər Venesiya Biennalesində xüsusi yer tutub. “Revelations” Biennalesində nümayiş olunan çoxsaylı əsərlər arasında da bu instalyasiya unikallığı ilə diqqəti cəlb edir.
“Grand Palais” Milli muzeylər birliyinin prezidenti Jan-Pol Kluzel Azərbaycanın “Revelations” Biennalesində iştirakından şad olduqlarını deyib. Qeyd edib ki, Biennalenin əsas məqsədi bədii yaradıcılıq sahəsində istedadların aşkarlanması və tanıdılmasıdır. “Revelations” sülh, həmrəyliklə bağlı mədəniyyət sahəsində bir mesajdır. Azərbaycan stendi də məhz biennalenin mesajını əks etdirir.
Nümayiş olunan “Bir günəş altında” instalyasiyasının müəllifi, heykəltəraş E.Nəbizadə Heydər Əliyev Fonduna ona yaratdığı bu şansa görə təşəkkür edib. Azərbaycan “44 günük müharibə” ilə üzün sürən Qarabağ münaqişəsinə son qoyduqdan sonra heykəltəraş saza ikinci həyat vermək qərarına gəlir və beləliklə, “Bir günəş altında” instalyasiyası yaranır. Bildirib ki, şans rəmzi olan göy qurşağı formasında 44 sazdan ibarət instalyasiya Azərbaycan multikulturalizmini, ölkəmizdə yaşayan müxtəlif millətlərin və xalqların birliyinin rəmzidir.
Milli-mənəvi dəyərlərimizin qorunmasına töhfə verən, mədəniyyətimizin bütün dünyada tanınmasını təşviq edən Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış Azərbaycan stendi müstəsna instalyasiyası ilə təkcə ziyarətçilərin deyil, həmçinin müxtəlif ölkələrdən biennaliyə qatılmış sənətkar və yaradıcı insanların diqqətini də cəlb edib.
Qeyd edək ki, biennaleyə 30 ölkədən 400-dək sənətkar və yaradıcı insan qatılıb. Bu il 10 illiyini qeyd edən və müasir yaradıcılığın episentri olan “Revelations” Beynəlxalq Sənətkarlıq və Yaradıcılıq Biennalesi iyunun 11-dək davam edəcək.
"Anar Ələkbərov" teqi üzrə xəbərlər
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində
- Heydər Əliyev Mərkəzində "Yenidən doğulmuş gözəllik" adlı sərgi açılıb
- Heydər Əliyev Mərkəzində "Yer kürəsi uşaqların gözü ilə" fotosərgisi açılıb
- COP29 çərçivəsində Heydər Əliyev Fondunun "Azərbaycan. Təbiətin sehrində" nəşri təqdim edilib