Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib:
“Sabahınız xeyir olsun. Bu gün biz görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışına toplaşmışıq. Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkar Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir. Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər. Eyni zamanda, böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanmışdır.
Onun əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır. Tofiq Quliyev öz xalqına çox bağlı idi, onun Azərbaycan, Bakı haqqında əsərləri bunu göstərir. Eyni zamanda, onu tanıyanlar yaxşı bilirlər ki, çox gözəl insan, gözəl ziyalı idi, sözün əsl mənasında, böyük mədəniyyət xadimi idi və öz fəaliyyəti, öz əsərləri, Azərbaycanın ictimai həyatındakı rolu ilə tarixdə öz layiqli yerini tutmuşdur.
Tofiq Quliyevin xatirəsi Azərbaycanda əbədiləşdirilmişdir. Onun yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur, şəhərimizin küçələrindən birinə onun adı verilmişdir, eyni zamanda, musiqi məktəbi də onun adını daşıyır və bu gün bu gözəl abidə ucaldılır. Onu da bildirməliyəm ki, Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Tofiq Quliyevə Azərbaycanın ovaxtkı ən ali ordeni olan “İstiqlal” ordeni verilmişdir.
Atam Heydər Əliyevi Tofiq Quliyevlə sıx dostluq əlaqələri bağlayırdı. Onlar onilliklər ərzində bir-birinə böyük hörmət göstərən insanlar idi. Baxmayaraq ki, Heydər Əliyev Azərbaycanın ovaxtkı Kommunist Partiyasının rəhbəri idi, ondan sonra müstəqil Azərbaycanın Prezidenti idi, Tofiq Quliyev isə ömrü boyu siyasətdən uzaq bir insan idi. O, sadəcə olaraq, öz yaradıcılığı ilə Azərbaycana həm sovet dövründə, həm müstəqillik dövründə o qədər böyük töhfə vermişdi ki, hamımız, hətta onu tanımayanlar da onun obrazını özümüz üçün çox əziz və yaxın tuturduq. Atam isə onu yaxından tanıyan insan kimi bilirdi ki, Tofiq Quliyev nə qədər böyük insani keyfiyyətlərə malik idi.
Onların dostluğu çox təbii idi, səmimi idi, təmənnasız idi, əsl dostluq idi. Tofiq Quliyevin 80 illik yubileyində Ulu Öndər Heydər Əliyev məşhur sözləri demişdir, yəqin ki, hamımız o sözləri xatırlayırıq - biz hamımız dünyadan gedəcəyik, ancaq Tofiq Quliyevin musiqisi daim yaşayacaqdır. Artıq o gündən 26 il keçib və nə qədər dəqiq, həqiqətə uyğun sözlərdir, indi biz bunu bir daha görürük. Heç birimizdə şübhə yoxdur ki, əsrlər keçdikcə bu unudulmaz musiqi, bu mahnılar, Azərbaycan xalqının musiqi istedadını əyani şəkildə göstərən əsərlər yaşayacaq, bizi və sonrakı nəsilləri sevindirəcək.
Mən bu gözəl hadisə münasibətilə, ilk növbədə, Tofiq Quliyevin ailə üzvlərini, Azərbaycan musiqi ictimaiyyətini və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Sağ olun”.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək deyib:
“Möhtərəm cənab Prezident, çox sağ olun bu sözlərə görə.
Tofiq müəllim nəinki dahi bəstəkar, dahi ictimai xadim idi, mənim üçün, Polad üçün o, Tofiq əmi idi. Biz ona belə deyirdik. Uşaqlıqdan “dyadya Tofiq” deyirdik.
Əlbəttə, mən piano sənəti ilə məşğul olan bir insanam. Qeyd etməliyəm ki, o, dahi bir pianoçu idi. Çünki Aysberq kimi professor Bakıda, Neyqauz kimi dahi professor Moskvada onun müəllimləri idi. Baxmayaraq ki, Tofiq müəllim gündə iki-üç saat çalmırdı, Akademiyamıza gələndə piano arxasında bir passaj ifa edəndə biz hamımız məəttəl qalırdıq. Praktika ilə heç məşğul olmayan bu insan necə belə dahi bir pianoçu idi.
Əlbəttə, mən xoşbəxtəm ki, son illər o, bizim fəxri professorumuz idi. Hər dəfə Akademiyaya gələndə onun hansısa bir mühazirəsi olmurdu, sadəcə, biz yığışırdıq və Tofiq müəllim musiqi tarixindən, Qara Qarayev, Niyazi, Fikrət Əmirov haqqında əhvalatlar danışırdı, çünki o, canlı bir ensiklopediya idi. Mən çox danışmaq istəmirəm, çünki məndən sonra Polad da danışacaq. Mən, sadəcə, demək istəyirəm xoşbəxtəm ki, onunla təmasda olmuşam. Xoşbəxtəm ki, onun bir çox premyeralarında iştirak etmişəm, atam rejissor kimi, mən də tamaşaçı kimi. Xoşbəxtəm ki, bir-iki həftə öncə Vyanada konsertdə mən onun məşhur “Qaytağı”sını ifa etdim. Yenə də bütün avropalılar məəttəl qalırlar, bu, nə gözəl əsərdir. Xoşbəxtəm ki, vaxtilə bu əsəri - “Qaytağı”nı mənə həsr edib və indi bütün dünyada pianoçular bu əsəri ifa edirlər.
Yəni, Tofiq müəllim belə insan idi. Ulu Öndər o ordeni ona xəstəxanada təqdim etmişdi, gedib ona baş çəkmişdi və təbrik etmişdi. Bilirsiniz, bu, çox təsirli idi, biz onu həmişə xatırlayırıq.
Fürsətdən istifadə edib sonda Sizə “Çox sağ olun!” demək istəyirəm ki, Bülbülün heykəlini, Rəşid Behbudovun heykəlini, Qara Qarayevin, Fikrət Əmirovun heykəlini məhz Siz açmısınız bizimlə bir yerdə. Biz 1982-ci ilin qışında Şuşada Ulu Öndərlə bir yerdə Vaqifin məqbərəsinin açılışında iştirak edirdik. Çox yaxşıdır ki, 100 ildə keçsə, bu insanların heykəlləri duracaq. Tofiq müəllim bax, burada dayanacaq və onun musiqisi bütün dünyada yenə də səslənəcək. Çox sağ olun”.
Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlu çıxış edərək deyib:
“Möhtərəm cənab Prezident.
Hörmətli xanımlar, cənablar, əziz dostlar.
Əvvəla, dərin təşəkkürümü bildirmək istəyirəm ki, bu gün mənə bu abidənin açılışında söz verilib.
Mənim üçün Tofiq əmi doğrudan da əziz bir insan idi. Çünki uşaqlıqdan bizim evdə mən şahidi olmuşam ki, Tofiq müəllim gəlirdi, - bilirsiniz ki, Bülbül Tofiq Quliyevin bir neçə mahnısını, romanslarını ifa etmişdir, - Fərhad da bizdə olurdu, çox gözəl piano çalırdı. Atam həmişə öz əsərindən başqa ona müraciət edərdi ki, Tofiq bir az çal da, adamın ürəyi açılsın. Doğrudan da, elə idi, biz, - Fərhad bunu dedi, - uşaqlıqdan ona Tofiq əmi deyirdik. Mən çox şadam, xoşbəxtəm ki, ömür boyu bu insanla çox sıx təmasda olmuşam.
1960-cı illərdə Tofiq müəllim Filarmoniyanın bədii rəhbəri və direktoru idi. Biz gənc bəstəkar idik, o, bizə çox kömək edirdi, bizim əsərlərimizi alırdı, yəni, maddi yardım edirdi, bizə yol göstərirdi, tövsiyələrini verirdi. Ancaq mənə yox, bütün o nəslin, o cavan bəstəkar nəslinin, demək olar ki, mənəvi atası kimi. Ümumiyyətlə, bilirsiniz bəstəkarlar çox qısqanc olurlar, musiqiçilər də qısqanc olurlar. Amma Tofiq müəllim elə deyildi, Tofiq əmi elə deyildi. O digərlərinin uğurlarına da çox sevinirdi. Onun mahnıları ölməzdir, ona görə ki, onlar insanın daxilindən, qəlbindən, saflığından gəlir. Ona görə onun mahnılarını milyonlarla insan sevir və burada deyildiyi kimi, bu mahnılar, onun əsərləri daim yaşayacaqdır. Ona görə ki, o, insan kimi də gözəl insan idi və böyük musiqiçi idi, böyük bəstəkar idi, böyük pianoçu idi.
Hörmətli Prezidentimiz dedi, doğrudan da mən onun şahidiyəm, bizim Ulu Öndərimiz, böyük insanımız Heydər Əliyev Tofiq müəllimə xüsusi münasibət bəsləyirdi. Mənə nəsib olub, o vaxt Heydər Əliyev rayonlarda böyük müşavirələr keçirirdi və oraya gedəndə həmişə yaradıcı insanları da dəvət edirdi – bəstəkarları, rəssamları, yazıçıları, ifaçıları və bizə deyirdi ki, mən sizi buraya gətirirəm ki, əvvəla, siz bir az millətə, xalqa yaxın olasınız, ikincisi də xalq sizi görsün. Radioda eşidirlər, televizorda görürlər, amma sizi canlı görmək, onlar üçün daha xoşdur. Orada da biz görürdük ki, Heydər Əliyevin Tofiq Quliyevə xüsusi münasibəti var. Sonra mən nazir işləyəndə bir neçə dəfə bu haqda söhbətlər olub. Bilirsiniz ki, sonra Tofiq əmi Bəstəkarlar İttifaqının birinci katibi idi və onda da bəstəkarlara çox böyük yardım, çox böyük kömək edirdi.
Onu da qeyd edim ki, Tofiq müəllim çox yaxşı təşkilatçı idi. Bakıda böyük tədbirlər keçirirdi. Filarmoniyada olanda dünyaşöhrətli musiqiçiləri dəvət edirdi, onların konsertlərini təşkil edirdi, Bəstəkarlar İttifaqında plenumlar, qurultaylar, müxtəlif tədbirlər keçirirdi. Həmişə onun təşkil etdiyi tədbirlər çox yüksək səviyyədə keçirdi.
Hörmətli cənab Prezident, Fərhad da dedi, mən də öz tərəfimdən Sizə dərin təşəkkürümü bildirmək istəyirəm ki, doğrudan bizim Azərbaycanın paytaxtında, Bakı şəhərində xalqımızın xəzinəsi olan gözəl insanlara abidələr qoyulur. Həyat elə qurulub ki, əvvəl-axır biz hamımız bu dünyadan köçəcəyik. Tələsmək lazım deyil, amma əvvəl-axır olacaq. Amma bu abidələr həmişə qalacaq və Azərbaycan xalqının görkəmli insanlarını bütün dünyaya tanıtdıracaq. Məncə, bu gün Tofiq əminin ruhu şad olmalıdır. Allah ona rəhmət eləsin, qəbri nurla dolsun”.
Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə çıxış edərək deyib:
“Hörmətli cənab Prezident, hörmətli tədbir iştirakçıları.
Mən Tofiq müəllim barədə bir neçə kəlmə demək istəyirəm. Mən onu xatırlayıram, onun barəsində demək olar ki, o, Azərbaycanın müasir musiqisinin, Azərbaycanın müasir estrada musiqisinin banilərindən biri olub. Hörmətli Prezidentimizin dediyi kimi, o, doğrudan da Azərbaycan cazını da böyük məharətlə təbliğ etmişdir. Demək istəyirəm ki, xatırlayıram, 1950-ci illərin ortalarında Azərbaycanda belə bir bum yaranmışdı və yeni bir mədəniyyət yaranırdı. O dövrdə gözəl ifaçılar var idi. Rəşid Behbudov Tofiq Quliyevin əsərlərini ifa edirdi və həmin əsərlər Bakıda geniş yayılmışdı. Biz cavanlar o əsərlərdən qidalanaraq yeni bir mədəniyyətə qovuşurduq.
Mən hörmətli Prezidentimizə demək istəyirəm ki, çox sağ olun, Siz bizə - incəsənət xadimlərinə belə yüksək münasibət göstərirsiniz. Çox sağ olun, cənab Prezident”.
Tofiq Quliyevin qızı Lalə Quliyeva çıxış edərək deyib:
“Hörmətli cənab Prezident.
İcazə verin, atamın xatirəsinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə ailəmiz, doğmalarımız və yaxınlarımız adından təşəkkür edim. Bakıda və Şuşada küçələr, paytaxtın ən yaxşı musiqi məktəblərindən biri onun adını daşıyır, Birinci Fəxri xiyabanda gözəl abidəsi və yaşadığı evin divarında barelyefi qoyulub. Heydər Əliyev Fondu tərəfindən bəstəkarın 100 illik yubileyi ilə bağlı yaradıcılıq irsinin bərpası və qorunub saxlanması istiqamətində çox böyük iş görülüb. Onun əsərlərinin nəfis tərtibatda not və audioyazıları, kitablar nəşr olunub. Tofiq Quliyevin ad günündə Heydər Əliyev Mərkəzində təntənəli konsert təşkil edilib. İndi isə bizim hörmətli Prezidentimizin Sərəncamına əsasən, Tofiq Quliyevin 105 illik yubileyi ilə bağlı abidəsi ucaldılıb. Siz qeyd etdiyiniz kimi, bu abidənin “Heydər Əliyev İli”ndə açılması əlamətdardır və rəmzi məna daşıyır. Çünki onlar hələ gənc ikən Naxçıvanda tanış olub və ömürlərinin sonunadək dostluq ediblər.
Daha bir xatirə. Azərbaycan üçün çətin olan 1992-ci ildə atamın 75 illik yubileyi keçirilirdi. O, səhnədə çıxış edərkən demişdi ki, bu konsertin Qarabağda, Şuşada keçirilməsi onun ən böyük arzusudur. Təəssüf ki, o, bu günləri görmədi. Lakin onun musiqisi və mahnıları artıq işğaldan azad olunmuş Şuşada keçirilən birinci “Xarıbülbül” festivalında səsləndi. Əziz Prezidentimiz, atamın, bütün Azərbaycan xalqının arzusu məhz Sizin sayənizdə çin oldu. Hər şey üçün çox sağ olun!”
Sonra Prezident İlham Əliyev Tofiq Quliyevin ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib.
Onlar Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, eləcə də Bakının mərkəzində Tofiq Quliyevin abidəsinin ucaldılmasına görə dövlətimizin başçısına bir daha minnətdarlıqlarını bildiriblər.
13:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib:
“Sabahınız xeyir olsun. Bu gün biz görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışına toplaşmışıq. Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkar Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir. Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər. Eyni zamanda, böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanmışdır.
Onun əsərləri doğrudan da bizim böyük sərvətimizdir. Bu əsərlər ölməz əsərlərdir, bu gün də səslənir, bundan sonra da uzun illər ərzində səslənəcək. Çünki bu əsərlərin mahiyyətində həm Tofiq Quliyevin istedadı, eyni zamanda, Azərbaycan xalqına, doğma Bakı şəhərinə olan məhəbbəti dayanır. Tofiq Quliyev öz xalqına çox bağlı idi, onun Azərbaycan, Bakı haqqında əsərləri bunu göstərir. Eyni zamanda, onu tanıyanlar yaxşı bilirlər ki, çox gözəl insan, gözəl ziyalı idi, sözün əsl mənasında, böyük mədəniyyət xadimi idi və öz fəaliyyəti, öz əsərləri, Azərbaycanın ictimai həyatındakı rolu ilə tarixdə öz layiqli yerini tutub.
Tofiq Quliyevin xatirəsi Azərbaycanda əbədiləşdirilib. Onun yaşadığı binaya xatirə lövhəsi vurulub, şəhərimizin küçələrindən birinə onun adı verilib, eyni zamanda, musiqi məktəbi də onun adını daşıyır və bu gün bu gözəl abidə ucaldılır. Onu da bildirməliyəm ki, ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Tofiq Quliyevə Azərbaycanın ovaxtkı ən ali ordeni olan “İstiqlal” ordeni verilib.
Atam Heydər Əliyevi Tofiq Quliyevlə sıx dostluq əlaqələri bağlayırdı. Onlar onilliklər ərzində bir-birinə böyük hörmət göstərən insanlar idi. Baxmayaraq ki, Heydər Əliyev Azərbaycanın ovaxtkı Kommunist Partiyasının rəhbəri idi, ondan sonra müstəqil Azərbaycanın Prezidenti idi, Tofiq Quliyev isə ömrü boyu siyasətdən uzaq bir insan idi. O, sadəcə olaraq, öz yaradıcılığı ilə Azərbaycana həm sovet dövründə, həm müstəqillik dövründə o qədər böyük töhfə vermişdi ki, hamımız, hətta onu tanımayanlar da onun obrazını özümüz üçün çox əziz və yaxın tuturduq. Atam isə onu yaxından tanıyan insan kimi bilirdi ki, Tofiq Quliyev nə qədər böyük insani keyfiyyətlərə malik idi.
Onların dostluğu çox təbii idi, səmimi idi, təmənnasız idi, əsl dostluq idi. Tofiq Quliyevin 80 illik yubileyində ulu öndər Heydər Əliyev məşhur sözləri demişdir, yəqin ki, hamımız o sözləri xatırlayırıq - biz hamımız dünyadan gedəcəyik, ancaq Tofiq Quliyevin musiqisi daim yaşayacaqdır. Artıq o gündən 26 il keçib və nə qədər dəqiq, həqiqətə uyğun sözlərdir, indi biz bunu bir daha görürük. Heç birimizdə şübhə yoxdur ki, əsrlər keçdikcə bu unudulmaz musiqi, bu mahnılar, Azərbaycan xalqının musiqi istedadını əyani şəkildə göstərən əsərlər yaşayacaq, bizi və sonrakı nəsilləri sevindirəcək.
Mən bu gözəl hadisə münasibətilə, ilk növbədə, Tofiq Quliyevin ailə üzvlərini, Azərbaycan musiqi ictimaiyyətini və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Sağ olun”.
Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlu, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə və Tofiq Quliyevin qızı Lalə Quliyeva çıxış ediblər.
Daha sonra Prezident İlham Əliyev Tofiq Quliyevin ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri ilə söhbət edib.
Onlar Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə göstərdiyi yüksək diqqət və qayğıya, eləcə də Bakının mərkəzində Tofiq Quliyevin abidəsinin ucaldılmasına görə dövlətimizin başçısına bir daha minnətdarlıqlarını bildiriblər.
12:18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Bakıda görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında iştirak edib - YENİLƏNİB + FOTO