Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto ilə görüşü olub.
Oxu.Az xəbər verir ki, İvan Skalfarotto İtaliyanın Baş naziri Paolo Centiloninin salamlarını dövlətimizin başçısına çatdırıb.
O, ölkəsinin Cənub Qaz Dəhlizində iştirakından və bu tədbirdə təmsil olunmasından məmnunluğunu bildirdi. İvan Skalfarotto ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə də uğurla inkişaf etdiyini deyib, Azərbaycanın İtaliyaya sərmayə yatırmasını dəstəklədiklərini vurğulayıb. O, Azərbaycan-İtaliya əməkdaşlığının digər sahələrdə də inkişafı üçün səylərin gücləndirilməsinin önəmini ifadə edib.
Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın energetika, ticarət və digər sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, Cənub Qaz Dəhlizi ölkələrimizi birləşdirən önəmli layihədir və gələcək illərdə əməkdaşlığımızın inkişafında vacib rol oynayacaq. Prezident İlham Əliyev qeyd edib ki, İtaliya qaz sahəsində Azərbaycanın ən böyük ixrac bazarlarından biri olacaq.
Dövlətimizin başçısı Baş nazir Paolo Centiloninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliyanın Baş nazirinə çatdırmağı xahiş edib.

13:02
Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili ilə görüşüb.
Oxu.Az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstanın uzun illər fəal əməkdaşlıq etdiklərini bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, bu əməkdaşlıq təkcə Azərbaycan və Gürcüstan üçün deyil, ümumilikdə bir çox ölkələr üçün geniş imkanlar açır. “Cənub Qaz Dəhlizi” layihəsi uğurla həyata keçirilir və bu, ölkələrimizin imkanlarının və tərəfdaşlığının göstəricisidir.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində də qlobal layihələr həyata keçirirlər. Neft-qaz sahəsindəki əməkdaşlıq ölkələrimizi bir-birinə daha da yaxınlaşdırır və dayanıqlı inkişaf üçün əsas yaradır.
“Cənub Qaz Dəhlizi” layihəsinin artıq yeddi ölkəni əhatə etdiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, istehsalçı və tranzit ölkələr arasında maraqların uzlaşdırılması çox vacibdir. Biz buna nail olmuşuq və bu, gələcək uğurlarımızın zəmanətidir.
Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili Baş nazir Giorgi Kvirikaşvilinin salamlarını Prezident İlham Əliyevə çatdırıb. Gürcüstanın bu layihədə iştirakının önəmini vurğulayan qonaq Cənub Qaz Dəhlizinin icrası nəticəsində ölkəsində minlərlə yeni iş yerinin açıldığını deyib.
Dmitri Kumsişvili vurğulayıb ki, Azərbaycan və Gürcüstan birlikdə uğurlu qlobal layihələr həyata keçirirlər. Bu layihələr həm Azərbaycan, həm Gürcüstan, həm də Türkiyə və Avropa üçün böyük əhəmiyyətə malikdir.
Dövlətimizin başçısı Baş nazir Giorgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş edib.

11:28
Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç ilə görüşüb.
Oxu.Az-ın məlumatına görə, görüşdə prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında iştirakına və tədbirdə dediyi xoş sözlərə görə Maroş Şefçoviçə minnətdarlığını bildirib.
Dövlət başçısı vurğulayıb ki, bu toplantı “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında yeni mərhələdir.
Azərbaycan prezidenti Cənub Qaz Dəhlizinin icrasına verdiyi dəstəyə görə Maroş Şefçoviçə və eləcə də, Avropa İnvestisiya Bankına layihənin maliyyələşməsində dəstəyi ilə əlaqədar minnətdarlığını ifadə edib.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç bu iclasda və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən əvvəlki iclaslarda iştirakından məmnunluğunu bildirib. Maroş Şefçoviç layihənin icrasında böyük inkişafın olduğunu deyib.
