Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisini xüsusilə qeyd etmək istəyirəm. Bu sahədə son illərdə böyük irəliləyiş olub.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı deyib.
“Biz bir neçə il bundan əvvəl bu məsələ ilə ciddi məşğul olmağa başlayanda məlumat verildi ki, uşaq bağçaları ilə təminat Azərbaycanda cəmi 17 faizdir. Vaxtilə tikilmiş uşaq bağçaları ya yararsız vəziyyətə düşüb, ya da əfsuslar olsun ki, özəlləşdirilib və onların yerində başqa obyektlər tikilib.
Uşaq bağçalarının bir hissəsində məcburi köçkünlər yerləşir. Bir sözlə, bu, çox ciddi problem idi, bu gün də hələ ki, ciddi problem olaraq qalır.
Ancaq, deyə bilərəm ki, son iki-üç il ərzində uşaq bağçaları ilə təminat 17 faizdən 42 faizə qalxıb. Bakıda, bölgələrdə onlarla yeni bağça tikilir və bu proses davam etdirilməlidir. Vaxtilə bu bağçalar elə tikilib ki, onların əraziləri kifayət qədər böyükdür. Ona görə orada yeni korpus da tikilə bilər. Yeni sahələr də ayrılmalıdır. Bu məsələlərlə bağlı müvafiq göstərişlər verilib.
Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun. Çünki Azərbaycanda sosial məsələlər uğurla icra edilir. Eyni zamanda, işsizlik kəskin şəkildə aşağı düşmüşdür. İndi bölgələrdə yeni açılan sənaye müəssisələrində, tikiş fabriklərində işləyənlərin demək olar ki, mütləq əksəriyyəti qadınlardır. Ona görə uşaq bağçalarının qıtlığı böyük problemlərə gətirib çıxarır”, - Prezident vurğulayıb.