Qazlaşdırma ilə bağlı qeyd etməliyəm ki, bu il bu proses bir qədər ləng gedir.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısının sözlərinə görə, əvvəlki illərdə qazlaşdırma prosesi daha sürətlə gedirdi.
“Biz əlbəttə, çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar vardır. Dövlət büdcəsində də vəsait nəzərdə tutulubdur. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Bu sahədə işlər daha da sürətlə getməlidir”, - deyə, İ.Əliyev vurğulayıb.
Prezident həmçinin bildirib ki, ona yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir.
“Ona görə, bu məsələ mənim nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, “Azəriqaz” bu işləri daha da sürətlə aparmalıdır”.