Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda “Philips” şirkətinin vitse-prezidenti və satış üzrə rəhbəri Ronald de Jong ilə görüşüb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Azərbaycanda həyata keçirilən islahatlar, qazanılmış uğurlar nəticəsində investorların səmərəli fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığı qeyd edildi, “Philips” şirkəti ilə mümkün əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bundan başqa, Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Niderland Krallığının baş naziri Mark Rutte ilə görüşüb.
İkitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafının qeyd edildiyi görüşdə ölkələrimiz arasında fəal iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı potensialın olduğu bildirilib, investisiyaların qoyuluşunun iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət etdiyi diqqətə çatdırılıb, beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirilməsinin önəmi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda həmçinin Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Bu əməkdaşlığın yaxşı imkanlarının olduğu bildirilib və əlaqələrimizin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra prezident İlham Əliyev Davosda İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter ilə görüşüb.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilib. Siyasi, iqtisadi, energetika, sərmayə qoyuluşu, tikinti və bank sektorunda əməkdaşlığın böyük potensiala malik olduğu bildirilib və bu sahələrdə əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Azərbaycanın sürətli iqtisadi inkişafının ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün yaxşı imkan yaratdığı qeyd edilib, qarşılıqlı investisiyaların bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Hewlett-Packard” şirkətinin idarə heyətinin üzvü xanım Ann Livermor ilə görüşüb.
Görüşdə Azərbaycan ilə “Hewlett-Packard” şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Azərbaycanda həyata keçirilən Ümumistifadəli Data Mərkəzinin və digər layihələrin icrasında “Hewlett-Packard” şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “GDF Suez” şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə yüksək səviyyəli əməkdaşlığın yaxşı perspektivlərinin olduğu qeyd edilib, bu əlaqələrin inkişafında “GDF Suez” şirkətinin də xüsusi rolu vurğulanıb.
Söhbət zamanı “GDF Suez” şirkəti ilə “Abşeron” qaz yatağı üzrə görülən işlərdən məmnunluq ifadə olunub və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda İran prezidenti Həsən Ruhani ilə də görüşüb.
Görüşdə Azərbaycan ilə İran arasında ümumi tarixi-mədəni köklərin mövcudluğu xüsusi vurğulanaraq ölkələrimizin və xalqlarımızın qonşuluq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirilib. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin və regional əməkdaşlığın daha da gücləndirilməsi üçün hər iki tərəfin səylərinin artırılacağına əminlik ifadə edilib. Münasibətlərin gələcəkdə daha da genişləndirilməsi üçün konkret istiqamətlərin müəyyənləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.