Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərinə səfərə gəliblər.
Oxu.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı və xanımı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərindəki Heydər Əliyev Parkında olublar.
Məlumat verildi ki, orijinal layihə əsasında salınan, möhtəşəmliyi və əzəməti ilə seçilən parkın girəcəyindəki “Zəfər tağı”nın açıq seyrəngahından şəhərin və Heydər Əliyev Parkının mənzərəsini seyr etmək mümkündür. Göz oxşayan xiyabanda geniş yaşıllaşdırma işləri həyata keçirilib və istirahət üçün hər cür şərait yaradılıb. Parkda yaradılan süni göl və orijinal şəlalə bu məkana xüsusi gözəllik verir. Bundan başqa, park kompleksində müxtəlif iaşə obyektləri, əyləncə mərkəzləri, istirahət guşələri var.
Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə burada Gəncənin rəmzi sayılan çinar ağacları əkib. İndi həmin ağaclar parka xüsusi gözəllik verir.
Dövlət başçısı və xanımı elektromobillə parkın ərazisini gəzdilər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə şəhərindəki “İmamzadə” kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olublar.
Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə nümayəndəsi dövlət başçısına müqəddəs Qurani-Kərim hədiyyə etdi.
Dövlət başçısı və xanımı kompleksin eskiz layihələrinə baxdılar.
Məlumat verildi ki, VIII əsrə aid tarixi memarlıq abidəsi - xalq arasında Göy günbəz, Göy məscid, yaxud Göy İmam kimi tanınan “İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkənin ən maraqlı memarlıq abidələrindən biridir. Türbə bu kompleksin ən qiymətli abidəsidir. Burada beşinci imam Məhəmməd Bağırın oğlu İbrahim dəfn olunub. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahına çevrilib. Bu dini abidə Gəncənin qədimliyini sübut etməklə yanaşı, şəhərin İslam aləmindəki yerini və nüfuzunu da göstərir. Prezident İlham Əliyev bu abidə-ziyarətgahın da təmiri və bərpası ilə bağlı xüsusi Sərəncam imzalayıb. Sərəncama əsasən 2010-cu ildən kompleksin əsaslı şəkildə yenidən qurulması davam etdirilir. “İmamzadə”nin bərpası və təmiri üçün dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Prezidentin ehtiyat fondundan 9 milyon manat, bu ilin mayında isə daha 3 milyon manat vəsait ayrılıb. Dövlət başçısı burada görülən işlərlə şəxsən 2 dəfə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
Prezident İlham Əliyevə və xanımına məlumat verildi ki, kompleksin ərazisinin 10 min kvadratmetrinə asfalt örtüyü salınıb, səkilərə bəzək daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb, mükəmməl infrastruktur yaradılır. Burada 42 metr hündürlüyündə 2 minarə, namazgah və ziyarət zalı tikilib. Ərazidə 500 avtomobil üçün 2 dayanacaq inşa edilib. İki zaldan ibarət namazgahda nəfis xəttatlıq işləri görülüb və kaşı materialla örtülüb. Layihəni icra edən “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyəti ziyarətgahda təmir bərpa və tikinti işlərini apararkən qədim memarlıq üslubunu saxlamağa xüsusi diqqət yetirib.
Dövlətimizin başçısı və xanımı beşinci imam Məhəmməd Bağırın oğlu İbrahimin məzarının yerləşdiyi türbədə oldular. Burada dua oxundu. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müqəddəs Qurani-Kərim bağışlandı.
Bildirildi ki, 200 kvadratmetr ərazini əhatə edən qurbangahda da işlər tamamlanır. Ziyarətgahın üçmərtəbəli əsas binasında təmir işləri başa çatır. Birinci mərtəbəsi dəstəmazgah, ikinci mərtəbəsi inzibati otaqlar, üçüncü mərtəbəsi isə mehmanxanadan ibarət olan binada zəvvarlar üçün hər cür şərait yaradılıb.
Dövlət başçısına və xanımına ziyarətgahın digər sahələrində, həmçinin 1000 nəfərlik zaldan və mətbəxdən ibarət ehsanxanada hazırda davam etdirilən işlər barədə məlumat verildi.
Prezident İlham Əliyev kompleksdə təmir-bərpa işlərinin uğurla yekunlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlqoyma mərasimində iştirak ediblər.
Məlumat verildi ki, Gəncə Dövlət Dram Teatrının yeni binası Gəncə çayının sağ sahilində, Əhməd Cəmil və Mirzə Abbas Abbaszadə küçələrinin kəsişməsində, Məhsəti Gəncəvi Mərkəzinin qarşısında tikiləcək. Yeni binanın inşası üçün bir hektar torpaq sahəsi ayrılıb. Ümumi sahəsi 13 min kvadratmetr olacaq Gəncə Dövlət Dram Teatrının binası müasir standartlara cavab verəcək.
Binanın tamaşaçı zalı 520 nəfər üçün nəzərdə tutulub. Burada 150 yerlik yeraltı avtomobil dayanacağı, birinci mərtəbədə 100 yelik restoran, çayxana, kafe və digər iaşə obyektləri fəaliyyət göstərəcək.
Ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə edilib.
Mədəniyyət və incəsənətin inkişafına diqqət mədəniyyət ocaqlarına və bu sahədə çalışan insanlara göstərilən qayğıda, həmçinin ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində özünü büruzə verir. Dövlətimizin başçısının mədəni həyatımızın inkişafına qayğısı Azərbaycanda sənət adamlarının yaradıcılıq əhval-ruhiyyəsini artırıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən son illərdə çoxsaylı tarixi abidələr, monumental binalar, maddi-mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri aparılır və ya onlar üçün yeni binalar inşa olunur. Bu işlər bölgələrdə də uğurla davam etdirilir. Gəncə Dövlət Dram Teatrının yeni binasının inşası da bunun əyani sübutudur.
Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının yeni binasının təməlini qoydu.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə tanış olublar.
Prezident İlham Əliyev 2012-ci il yanvarın 21-də Gəncədə olarkən Dövlət Filarmoniyası binasının təməlini qoymuşdu. Hazırda binanın tikintisi davam etdirilir.
Dövlət başçısına məlumat verildi ki, burada 1200 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kino-teatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi yaradılacaq. Binada iaşə obyektləri, həmçinin yeraltı qaraj və yardımçı xidməti otaqlar fəaliyyət göstərəcək. Binanın balkonunda Azərbaycan musiqi korifeylərinin heykəlləri qoyulacaq. Bina 6 mərtəbəlidir, qüllə ilə birlikdə hündürlüyü 26 metrdir. Obyektdə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.
Azərbaycan Prezidenti İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva oktyabrın 18-də Gəncə şəhərində 4 nömrəli tam orta məktəbin yeni korpusunun açılışında iştirak ediblər.
Zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində son illərdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub. Bu proses təkcə paytaxtla məhdudlaşmayıb, bölgələri də əhatə edib.
Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib. Bölgələrdə yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də Gəncə şəhərindəki 4 nömrəli tam orta məktəbdir. Təhsil ocağının yeni korpusunda təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev yeni korpusun rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlətimizin başçısına və xanımına məktəbdə görülən işlərlə bağlı məlumat verildi. Məktəb 1936-cı ildən fəaliyyət göstərir. 2012-ci ildə məktəbin 930 şagird yerlik binası əsaslı təmir edilib. Bu təhsil ocağının 960 şagird yerlik yeni korpusu Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq cari ildə inşa edilib. Burada 48 sinif, 4 kabinet-laboratoriya, 3 informasiya–kompyuter otağı, müəllim və şagirdlər üçün bufet, tibb otağı fəaliyyət göstərir. İdman zalında mini futbol, basketbol, voleybol yarışları keçirmək mümkündür. Bu təhsil ocağında müasir havalandırma və işıqlandırma sistemləri qurulub, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb.
Bildirildi ki, yeni tədris ilində məktəbdə 2150-dən çox şagird təhsil alacaq.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Gəncəyə səfərləri çərçivəsində Cavad xan küçəsində olublar.
Dövlət başçısı və xanımı Cavad xan küçəsində Gəncə sakinləri ilə görüşüb söhbət ediblər.