Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Böyük Britaniyanın London şəhərinin Lord meri Alderman Alan Yarrounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, London şəhərinin Lord meri Alderman Alan Yarrou ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. O, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin önəmini qeyd etdi.
Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında iştirak edəcəyini bildirən Alderman Alan Yarrou tədbirdə ölkəsinin Baş naziri adından çıxış edəcəyini vurğuladı.
Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu dedi. Prezident İlham Əliyev Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransının artıq ənənəvi olaraq hər il keçirildiyini və tədbirə marağın ildən-ilə artdığını məmnunluqla qeyd edərək Böyük Britaniya Baş nazirinin sərgi və konfransa göstərdiyi diqqəti yüksək qiymətləndirdi. Son illər ölkəmizdə gedən sürətli inkişaf proseslərinə toxunan dövlətimizin başçısı paytaxtda böyük quruculuq işlərinin həyata keçirildiyini, müasir infrastrukturun və istirahət obyektlərinin yaradıldığını bildirdi.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində bp-nin xüsusi rolu vurğulandı və əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı.
İlham Əliyev bu gün həmçinin ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya Respublikası Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İvitsa Daçiç ilə son görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı İlham Əliyev onun ATƏT-in sədri kimi ölkəmizə səfərinin önəmini qeyd etdi.
ATƏT-in fəaliyyətdə olan sədri İvitsa Daçiç Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Serbiyalı qonaq Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimində ölkəsinin Prezidentinin iştirak edəcəyini vurğuladı. Serbiyanın Baş naziri Aleksandr Vuçiçin bu yaxınlarda Azərbaycana səfərinə toxunan İvitsa Daçiç onun bu səfərdən çox məmnun qaldığını dedi.
Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının perspektivləri, Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi, təmas xəttində baş verən hadisələr, problemin həllinin uzadılması, münaqişənin həllinə yanaşmada ikili standartların mövcud olması və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin və Baş nazir Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.