Biz Sizi görməyimizə həmişə çox şadıq. Sizin bugünkü səfəriniz xüsusi xarakter daşıyır. Biz bu gün ilk dəfə olaraq rekord miqdarda - minə yaxın iştirakçı toplayan Azərbaycan-Rusiya Regionlararası Forumunun işində iştirak edirik. Bu da tədbirə göstərilən böyük marağa dəlalət edir.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşdə bildirib.
İki ölkə başçılarının tez-tez görüşdüyünü vurğulayan Azərbaycan lideri, bunun “münasibətlərimizin səviyyəsinin parlaq göstəricisi” olduğunu vurğulayıb.
“Biz həm siyasi, həm də iqtisadi, nəqliyyat, energetika, humanitar sahələrdə fəal əməkdaşlıq edirik. Biz bütün istiqamətlərdə böyük tərəqqi görürük. Biz bu barədə indicə Forum iştirakçılarına danışdıq, bununla onlara daha fəal işləmələri və əməkdaşlığımızı inkişaf etdirmələri üçün daha bir impuls verdik”, - deyə, İ. Əliyev qeyd edib.
Azərbaycanın dövlət başçısının sözlərinə görə, “Rusiya bizim üçün münasibətlərimizin ən yüksək səviyyədə olduğu çox mühüm və dəyərli tərəfdaş, dost və qonşudur”:
“Düşünürəm ki, gələcək illərdə biz əməkdaşlığımızı yalnız inkişaf etdirmək, ölkələrimizin biznes qurumları üçün daha yaxşı şərait yaratmaq və bütün istiqamətlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirmək yolu ilə gedəcəyik”.