Rusiya və Azərbaycan münasibətlərini qarşılıqlı hörmət əsasında qurur və maraqların balansı axtarışındadır.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin deyib.
“Ümumilikdə Rusiya və Azərbaycan arasındakı əlaqələrdən danışarkən qeyd etmək istərdim ki, ölkələrimiz arasındakı əlaqələr, sözsüz ki, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulur. Biz həmişə maraqların balansını axtarır və onu tapırıq”, - Putin Bakıda keçirilən Rusiya-Azərbaycan beynəxalq forumunun plenar iclasında çıxışı zamanı deyib.
O xatırladıb ki, ölkə liderlərinin sentyabrın 1-də Soçidə keçirilən görüşündə Azərbaycan və Rusiya dövlətlərarası əlaqələrinin gələcək inşası üçün əlavə baza yaradan sənəd və razılaşmalaq paketi imzalanıb.
Rusiya lideri əlavə edib ki, Azərbaycan bazarında Rusiyanın iştirakı ilə 700 müştərək şirkət fəaliyyət göstərir, bu ölkədə Rusiya investisiyalarının ümumi həcmi 1,5 milyard dollardan çoxdur.
“2017-ci ildə Azərbaycan kənd təsərrüfatı mallarının Rusiyaya idxalında 12 faiz artım müşahidə edilib. Tərəfdaşlarımız bu sahəyə böyük maraq göstərirlər”, - Putin bildirib.
Rusiya prezidentinin sözlərinə görə, Moskva və Bakı birgə infrastruktur layihələri həyata keçirir.
“Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması üçün işlər gedir”, - Rusiya lideri qeyd edib.