Neft-qaz sektorunda işlər yaxşı gedir. Həm ölkə daxilində, həm xarici tərəfdaşlar burada investisiyaları artırırlar. Yeni tikilən platformalar, qazılan quyular bizim enerji potensialımızı artırır.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin aprelin 13-də keçirilən iclasındakı çıxışında deyib.
“Qazlaşdırma prosesi də uğurla gedir və əminəm ki, biz istədiyimiz rəqəmə yaxın zamanlarda çatacağıq. Əlbəttə ki, TANAP layihəsinin icrası artıq başlanıb. TANAP layihəsi XXI əsrin layihəsidir. “Şahdəniz-2”, TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir. Artıq tenderlər elan edilib. Ümid edirəm ki, yaxın zamanlarda biz tikintiyə başlayacağıq. Artıq keçən ilin sonlarında bu layihəyə start verildi. Hazırlıq işləri başlayıb. Azərbaycan bu layihənin icrasında liderlik keyfiyyətlərini nümayiş etdirir”.
Prezident İlham Əliyev bəyan edib ki, bizim siyasətimiz, enerji siyasətimiz, cəsarətli siyasət olmasa idi, bu layihə heç vaxt reallaşa bilməzdi. Bu layihələrin təşəbbüskarı Azərbaycandır. Əsas rol oynayan da Azərbaycandır.
“Bütün riskləri Azərbaycan öz üzərinə götürüb. Maliyyə risklərini, texniki risklərin hamısını Azərbaycan öz üzərinə götürüb. Əminəm ki, biz bu layihəni də uğurla icra edəcəyik. Çünki bu günə qədər biz təşəbbüskarı olduğumuz bütün enerji layihələrində uğur qazanmışıq. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri artıq reallıqdır”.