Azərbaycan prezidenti İlham Əliyev Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az prezidentin rəsmi saytına istinadla xəbər verir ki, sənədə əsasən, Nazirlər Kabinetinə Türk Mədəniyyəti və İrsi Fondunun strukturunu və işçilərinin say həddini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, Fondun fəaliyyətinin təşkili ilə bağlı bina, nəqliyyat və maddi-texniki təminat məsələlərini iki ay müddətində həll etmək və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Sərəncamla Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin Türk Mədəniyyəti və İrsi Fondunda iştirakı üzrə hər maliyyə ili üçün məcburi pay ödənişinin məbləği barədə təklifini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə hazırlayıb Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasına təqdim etmək, Fondunun prezidenti vəzifəsinə namizədliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvü olan dövlətlər tərəfindən təsdiq edilmiş Günay Elçin qızı Əfəndiyevanın həmin vəzifəyə təyin olunması ilə bağlı təklifi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Dövlət Başçıları Şurasına təqdim etmək tapşırılıb.
Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu 2012-ci il avqustun 23-də Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə hökumətləri tərəfindən imzalanmış Nizamnaməyə əsasən yaradılıb.