Rusiyanın Rossiya24 telekanalında yayımlanan “Vesti” proqramı azərbaycanlının Böyük Vətən Müharibəsində döyüşən həyat yoldaşı haqqında süjet hazırlayıb.
Oxu.Az xəbər verir ki, Mariya Rzayevanın indi 90 yaşı var, o Bakıda yaşayır, onun üçün müharibə Stalinqrad döyüşündən başlayıb.
Artıq 90 yaşı var. Əla eşidir və görür. Müharibə başlayanda 18 yaşı olub. Valideynləri vəfat etmişdi, iki bacısı və qardaşı onun himayəsində idi. Yekaterinburq pedaqoji məktəbinin məzunu təhsilini institutda davam etdirmək istəyirdi, amma müharibə mane olur.
“Mənə istiqamət vermək lazım deyildi, o dövrdə vətənpərvərlik o qədər yüksək idi ki, həm də o dövrdə Urala, Orenburqa çoxsaylı təxliyyə olunmuş insanlar köçürülmüşdü. Mən düşünmədən qələmi götürdüm və: “Məni Qırmızı ordunun sıralarına qəbul etmənizi və cəbhəyə göndərməyinizi xahiş edirəm, Vətənimi son damla qanıma qədər qoruyacam”, - BVM veteranı, Mariya Rzayeva böyük qürurla xatırlayır.
Vətənin müdafiəsi onun üçün Stalinqradın müdafiəsindən başlayıb. Əla görmə və eşitməsinə görə hələ o vaxt Qalaktionova olan Maşanı zenit artilleriyasına kəşfiyyatçı qəbul edirlər. Tank istehsal edən zavodun damında o düşmən və ya sovet təyyarəsinin yaxınlaşdığını müəyyən etməli idi.
“Volqa donmamışdı. Volqa qırmızı, yaşıl, anlaşılmaz rəng idi. Tanklar, meyitlər, ayrı-ayrı hissələr üzürdü, hər şey qarışmışdı. Amma biz almanları Volqadan buraxmadıq, keçə bilmədilər”, - Mariya Rzayeva qətiyyətlə bildirir.
Qırmızı ordunun sıralarında o gələcək həyat yoldaşı azərbaycanlı Həsən Rzayevlə tanış olur.
“Bərabər qərb sərhədlərinə qədər getdik. Müharibədən sonra alay komandiri və siyasi şöbənin rəisinin razılığı ilə evlənib Bakıya yola düşdük. Kimin hansı millətə aid olduğu barədə o vaxtlar heç düşünmürdük.
Cəbhədə bütün millətlərin nümayəndələri: ruslar, ukraynalı, belarus, azərbaycanlı, türkmən, özbək, tacik və s. var idi. Qələbə bizim sovet xalqı tərəfindən qazanıldı”, - BVM veteranı Mariya Rzayeva əmindir.
Əri artıq 13 ildir ki, vəfat edib, amma Mariya Rzayeva Bakıda yaşamağa davam edir. Onun qızı Azərbaycan Dövlət Neft Akademiyasında rus dili dərsi deyir, iki nəvəsi və üç nəticəsi var. Azərbaycanda Mariya Stepanovna bütün veteranlar kimi hörmətli adamdır.
“ASAN Xidmət” şirkətinin yardımı ilə veteran qələbənin 70 illiyinə hazırlaşır. Mariya Rzayeva Qırmızı meydanda Moskvaya yaxın xaricdən gələn digər 25 veteranla bərabər paradı müşahidə edəcək. Daha 30 cəbhəçi Rusiyanın paytaxtına Böyük Britaniya, ABŞ, Almaniya, İsrail və Polşadan gələcəklər.
E.Ə.
www.oxu.az