Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Selada Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən təbrik məktubunun mətnini təqdim edir:
"Zati-aliləri cənab Prezident.
Peru Hökuməti və xalqı adından, habelə şəxsən öz adımdan 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının firavanlığı və tərəqqisi naminə ən səmimi arzularımı bildirir, Peru ilə Azərbaycan arasında üç onillik ərzində formalaşmış siyasi dialoqu daha da dərinləşdirmək əzmini bir daha təsdiqləyirəm. Əminəm ki, birgə səylərimiz ölkələrimizin davamlı inkişafına xidmət edərək, qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbriklərimi bir daha çatdıraraq, fürsətdən istifadə edib Zati-alinizə dərin hörmət və ehtiramımı ifadə etməkdən məmnunluğumu bildirirəm".
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən təbrik məktubunun mətnini təqdim edir:
"Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Müsəlman dünyasında ilk demokratik respublikanın yaradılması günü kimi qeyd edilən bu əlamətdar bayram Azərbaycan xalqı üçün azadlıq, suverenlik və tərəqqi rəmzidir. Slovakiya Respublikası Azərbaycan Respublikası ilə yaxşı səviyyədə olan ənənəvi dostluq münasibətlərini yüksək qiymətləndirir. Ötən ilin dekabr ayında Zati-alinizin Slovakiyaya ilk rəsmi səfəri ilə ölkələrimiz arasında əlaqələr əhəmiyyətli dərəcədə möhkəmlənmişdir.
Mən Sizin gözəl ölkənizə tezliklə baş tutacaq rəsmi səfərimi səbirsizliklə gözləyirəm. Əminəm ki, ən yüksək səviyyədə qarşılıqlı səfər mübadiləsi əlaqələrimizi daha da dərinləşdirəcək, enerji, nəqliyyat, investisiyalar və mədəniyyət sahələrində əməkdaşlıq üçün yeni imkanlar açacaq.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, şəxsi rifah və ali dövləti vəzifənizdə yeni müvəffəqiyyətlər arzularımı qəbul etməyinizi xahiş edirəm. Eyni zamanda, Sizə, eləcə də bütün Azərbaycan xalqına davamlı uğurlar, əmin-amanlıq və firavanlıq arzulayıram.
Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".
Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Oxu.Az President.az-a istinadən təbrik məktubunun mətnini təqdim edir:
"Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə və xalqınıza Finlandiya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Konstruktiv əməkdaşlığımızı, Avropa və qlobal təhlükəsizlik məsələləri ilə bağlı substansiv dialoqumuzu davam etdirməyə ümidvar olduğumu bildirirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Öz növbəsində İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn də dövlətimizin başçısını təbrik edib.
Təbrik məktubunda deyilir:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və Hökuməti adından Zati-alinizə və böyük Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram".
Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Oxu.Az President.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və dost xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar milli bayram Azərbaycan xalqının dəyanətini və nailiyyətlərini əks etdirir.
Somali Federativ Respublikası Azərbaycan Respublikası ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və xalqlarımızın qarşılıqlı faydası naminə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı və Azərbaycan xalqına davamlı sülh, sabitlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".