Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ali səviyyədə görüşün keçirilməsini və görüşün tarixini ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə müzakirə etməyib.
Oxu.Az-ın məlumatına görə, bu sözləri RİA Novosti-yə açıqlamasında Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib.
O bildrib ki, indiki mərhələdə danışıqlar prosesinin tərəfləri və həmsədrlər ali səviyyədə görüşün keçirilməsinin mümkünlüyü və ya onun keçirilmə tarixi barədə danışmayıblar.
V. Akopyan qeyd edib ki, Rusiya, ABŞ və Fransa prezidentləri Minsk Qrupunun həmsədr ölkələri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ olmadığını dəfələrlə vurğulayıblar. O, ölkəsinin də bu mövqeyi dəstəklədiyini söyləyib.
Maraqlıdır ki, Ermənistan prezidentinin mətbuat katibi Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə görüşün təşkil edilməsi təşəbbüsü ilə bağlı məlumatı təkzib etmir.