Kubra Məhərrəmova yazır...
Bir neçə gündür, Bakı küçələrində hərbi texnika hərəkət edir.
Bu görüntü hər zaman həyəcan yaradır. Deməli, nəsə baş verir...
Düz beş il əvvəl hərbi texnikanın ölkənin müxtəlif ərazilərində yola çıxdığını sosial şəbəkələrdən gördük.
Rəsmi qurumlar yazdı, açıqlama verdi, press-relizlər paylaşdı: "Xahiş edirik, hərbi texnikanın hərəkət istiqamətini, sayını, növünü çəkib sosial şəbəkələrdə yaymayın. Bununla siz hərbçilərimizi təhlükə altına qoyursunuz!"
Amma bəziləri buna məhəl qoymadılar. Hələ qazılan səngərlərin videosunu çəkib yayan da oldu. İlahi, o nə beyinlər idi? Ayıq başla anlamadığımız məsələlər.
Axırda dövlət baba gördü ki, bəziləri sözlə başa düşmürlər. İnterneti ölkə ərazisində bağladı.
VPN tapıb yenə paylaşdılar. Bu dəfə şəhid sayını, ad-soyadını, dəfnini...
44 günlük müharibə zamanı sosial şəbəkələrdə özünü "ağıllı" göstərənlər xeyli sayda idi ki, bu gün susurlar.
Məhz onlar beş il əvvəl yazırdılar ki, "Heç bir ərazi Azərbaycan Ordusu tərəfindən qaytarılmayıb, ermənilər bizi qırırlar!"
Digər qisim yazırdı ki, "kim ermənilərin haqqında pis söz yazsa, şəklini çəkib atacağam xüsusi xidmət orqanlarına".
İlahi, nə üzlər, nə sifətlər gördük. Hər cür şərəfsizliyi etdilər. Cəbhəboyu igid oğullarımız "ya Qarabağ, ya ölüm!" dediyi halda, burada bəzilərinin fəaliyyəti acınacaqlı idi.
Amma deyim ki, o şərəfsizlər hələ də yaşayırlar, sağ-salamatdırlar, kef çəkirlər. Üstəlik, arsız-arsız hırıldayıb deyirlər ki, "əhəhəhə, biz qalib gəldik!"
Bu gün hərbi texnikalar Zəfər Gününə həsr olunmuş parad üçün küçələrə çıxıb. Hazırlanır, təmizlənir, məşqlər gedir. Dünən azad və suveren Azərbaycanın hər tərəfində hərbi yürüşlər keçirildi.
Pakistandan gələn hərbi birləşmələr paradda çıxış etmək üçün məşq edirlər. Görüntülər artıq xəbər saytlarında var.
Dünən xəbər gəldi ki, Zəfər Günü Bakı səmasında türk şahinləri də şou göstərəcəklər. "F-16" qırıcıları Bakı səmasında küləklə yarışacaq.
Qəribədir bu dünyanın işi. Vaxt var idi, İranın qırıcıları Azərbaycan səmasında "şou" göstərirdi. Bakıya "həddini", "yerini" göstərirdi.
Sabah isə hərbi paradda Bakı səmasında türk şahinləri və öz uşaqlarımız ŞOU göstərəcəklər. Qələbəmizin, gücümüzün şousunu.
Qəribə emosional bağlılıq var bu məsələlərdə.
Yenə beş il əvvələ qayıdaq.
Hər gün Ali Baş Komandan televiziya vasitəsilə çıxış edir, müsahibələr verirdi. Özünün sosial şəbəkə hesablarında xalqla ünsiyyətdə olurdu.
Heç nəyi sirr saxlamırdı. Hər şeyi açıq deyirdi.
Bu çıxış, yəqin, yadınıza düşər. Prezident İlham Əliyev xalqa müraciət etmişdi: "Bu bir ay ərzində, demək olar ki, mən hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin "F-16"ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam.
Gedin açın, peykiniz var, görmürsünüz nə gəzir? Gedin baxın, "F-16" neyləyir, havadadır, yerdədir? Hər kəs bilir ki, yerdədir. Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıb. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan təcavüz olarsa, o "F-16"ları görəcəklər onlar".
Ötkəm və sərt dedi o sözləri. Qətiyyətlə və çəkinmədən. Baxmayaraq ki, bu haqlı savaşda bütün dünya ilə vuruşurdu. Bütün ölkənin taleyini həll edirdi.
Bu qələbəni qeyd etmək hər birimizin ən təməl haqqıdır.
Bu qələbəyə sevinmək də. Bu gün heç kimin cürəti yoxdur ki, soruşsun, Türkiyənin "F-16"sı sizdə nə gəzir?
Çünki qaliblər mühakimə olunmurlar!
Uzun-uzadı siyasi, geosiyasi məsələlərdən yazmaq istəmirəm.
Günəşli havada azadlığın və qələbənin qoxusunu duymaq və dadmaq istəyirəm. Qəribə qoxusu var. Barıtlı, qanlı, müqəddəs ab-havalı.
Bu torpaqlar uğrunda canından keçən hər şəhidin ruhunun səsi, duası var bu havada.
Milyonlarla insanın gözyaşı var bu havada. Ürəyi, sevgisi var.
İndi çəkin hərbi texnikanı, paylaşın! Qışqırın! "Bakı Zəfər Gününə hazırlaşır" deyin!
Zəfər Gününə qurban, Azərbaycan!
