Prezident İlham Əliyevin sərəncamı ilə Nahid Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Oxu.Az-ın məlumatına görə, N.Bağırov 1979-cu ilin aprelin 4-də Bakı şəhərində anadan olub.
Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb.
1998-2000-ci illərdə Sabunçu Rayon Məhkəməsində katib vəzifəsində çalışıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. 2000-2001-ci illərdə N saylı hərbi hissədə hərbi xidmətdə olub. 2001-2005-ci illərdə “Sir” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. 2006-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib.
2009-cu ildən Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri olub. 2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilib.
2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə “Fəxri Turizm İşçisi”, 2018-ci ildə Mülki Aviasiya Administrasiyası tərəfindən “Fəxri Aviasiya İşçisi” adına layiq görülüb. 2018-ci ildə Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) İdarə Heyətinin üzvü seçilib.
2018-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai Şuranın sədr müavini təyin edilib.
2019-cu ildə Prezident tərəfindən iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.