"Azərbaycan "İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq mühafizə əməkdaşlığı haqqında Məkkə Əl-Mükərrəmə Konvensiyası"nın hazırlanmasında fəal iştirak edib".
Oxu.Az xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan da digər ölkələrlə birlikdə bu konvensiyaya qoşuldu, artıq konvensiyanı imzaladı və ümid edirik ki, yaxın vaxtlarda bu konvensiya ratifikasiya olunacaq və sonradan artıq bu konvensiyanın da müddəalarının Azərbaycan qanunvericiliyi ilə implementasiyası həyata keçiriləcək:
"Azərbaycanın bu konvensiyaya məhz indi qoşulması çox mühüm əhəmiyyət kəsb edir. Növbəti ildən Azərbaycan Respublikası bu təşkilata sədrlik edəcək və bu dövr ərzində bütün sahələr üzrə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan özünə doğma olan İslam Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlərlə öz səmərəli əməkdaşlığını həyata keçirəcək".
"Biz bu sahədə bütün konvensiyalara, həm BMT-nin, həm də digər regional və beynəlxalq konvensiyalara qoşulmuşuq. Məkkə konvensiyası da bu sahədə yeni platformadır. Hesab edirəm ki, bu sahədə də fəaliyyətimiz uğurlu olacaq", - deyə Baş prokuror bildirib.