Ermənistanın keçmiş prezidenti Robert Koçaryan barəsində yeni cinayət işinin başlanması bu ölkənin daxili siyasi gündəmində rezonans doğurub. Ona qarşı irəli sürülən ağır ittihamlarla yanaşı, iş çərçivəsində keçmiş prezident Serj Sarqsyanın və Koçaryan ailəsinin digər üzvlərinin də adlarının hallanması məsələni daha da diqqətçəkən edir. Bəs Robert Koçaryanı hansı cəza gözləyir?
Onun həbsi Ermənistanın siyasi həyatına nə vəd edir və Koçaryanın siyasi fəaliyyəti revanşizm ritorikasının və regionda sülh prosesinə mümkün maneələrin davam etməsi baxımından nə dərəcədə aktualdır?
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov bildirib ki, Robert Koçaryan və onun yaxın çevrəsinə qarşı Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən həyata keçirilən son hüquqi tədbirlər ölkənin həm daxili siyasi mənzərəsində, həm də Cənubi Qafqazın geopolitik arxitekturasında yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir:

"Koçaryana və onun oğlu Sedrak Koçaryana irəli sürülən xüsusilə böyük məbləğdə mənimsəmə, dövlət əmlakının qanunsuz yollarla özgəninkiləşdirilməsi, rüşvətalma və çirkli pulların yuyulması ilə bağlı üç ayrı cinayət işi Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsaslanır. Ermənistan qanunvericiliyinə görə, bu növ ağır maliyyə və dövləti korrupsiya cinayətləri məcmu halda sübuta yetirilərsə, keçmiş dövlət başçısını 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası, qanunsuz yolla əldə edilmiş bütün aktivlərin müsadirəsi və dövlət vəzifələrini tutmaq hüququndan məhrum edilmə kimi ciddi hüquqi nəticələr gözləyir. Bu məhkəmə prosesi həm də 2008-ci il 1 mart hadisələrində konstitusiya quruluşunun devrilməsi və dinc etirazçıların güc tətbiq edilərək dağıdılması kimi tarixi ittihamların davamı olaraq ölkədə hüququn aliliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir".
"Məsələnin siyasi və geopolitik tərəfi isə Koçaryanın həbsinin yalnız hüquqi müstəvi ilə məhdudlaşmadığını, regionda dayanıqlı sülhün bərqərar olması üçün strateji vacibliyini göstərir. Koçaryan və onun rəhbərlik etdiyi radikal-millətçi blok Ermənistanda onilliklər boyu kök salmış "Qarabağ klanı"nın ideoloji əsasını təşkil edir. Onun aktiv siyasi səhnədə qalması cəmiyyətdə revanşist əhval-ruhiyyəni davamlı olaraq qızışdırır, Azərbaycanla aparılan delimitasiya, demarkasiya və sülh müqaviləsi danışıqlarını "milli xəyanət" kimi qələmə verərək prosesi tormozlayır. Eyni zamanda, Koçaryan regionda sabitliyin pozulmasında və post-münaqişə dövründə dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına mane olmaqda maraqlı olan xarici güclərin əsas təsir vasitəsi rolunu oynayır. Bu baxımdan, Koçaryanın törətdiyi korrupsiya və dövlət cinayətlərinə görə tam hüquqi məsuliyyətə cəlb edilərək siyasi fəaliyyətdən təcrid olunması həm də Ermənistanda radikal revanşizmin neytrallaşdırılması, cəmiyyətin sağlamlaşdırılması və Cənubi Qafqazda uzunmüddətli sülh gündəliyinin uğurla reallaşdırılması üçün aktual və həlledici şərtdir", - deyə parlamentari diqqətə çatdırıb.
Onun sözlərinə görə, başqa bir reallıq Robert Koçaryana qarşı irəli sürülən mövcud ittihamların yalnız daxili korrupsiya və maliyyə cinayətləri müstəvisi ilə məhdudlaşmasının regionda ədalətin tam bərqərar olması və post-münaqişə dövründə dayanıqlı sülhün təmin edilməsi üçün kifayət olmamasından ibarətdir:
"Ermənistan rəhbərliyi və məhkəmə-hüquq sistemi sülh gündəliyinə sadiqliyini həqiqətən nümayiş etdirmək istəyirsə, Koçaryan ilk növbədə birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğınlara, Xocalı soyqırımında birbaşa iştirakına və hərbi cinayətlərinə görə hüquqi məsuliyyətə cəlb olunmalıdır. Beynəlxalq hüquqa əsasən, bu qəbildən ağır əməllər və bəşəriyyət əleyhinə cinayətlər üçün heç bir müddət məhdudiyyəti tətbiq edilmir. Keçmiş rejimin rəhbərlərinin hərbi cinayətlərə görə rəsmi qaydada mühakimə olunması, Ermənistanın öz tarixi ilə dürüst üzləşməsi və təcavüzkar siyasətdən tam imtina etməsinin ən real göstərici olardı. Törədilmiş hərbi cinayətlərin hüquqi müstəvidə tanınması və cəzalandırılması, İrəvanın regional sabitlikdə nə qədər səmimi olduğunu sübut edən ən mühüm sülh təminatına çevrilə bilər".