"Bizim hesabda öndə olmağımız rəqibi daha ciddi hazırlaşmağa məcbur edir".
Oxu.Az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, Niderland çempionatında avrokubokların pley-off mərhələsi ilə əlaqədar çempionat oyunları keçirilmir:
"Bu, komandaların yaxşı hazırlaşması üçündür. Rəqib bir həftəni yaxşı hazırlaşıb. Bizim özümüzün oyuna necə fokuslanacağımız çox vacibdir. "Tvente" mənim üçün çox maraqlı və baxımlı futbol oynayır. Özüm də belə futbolu xoşlayıram. Sistematik, hər hücumun, hər addımın düşünüldüyü bir komandadır. Gedişatda daim oyunun içində olmalıyıq".
Baş məşqçi cavab oyununda ehtiyac yaranacağı təqdirdə bəzi gənc futbolçulara şans verə biləcəyini də söyləyib:
"Hikmətlə bağlı problem olmaz. Çünki uzun müddətdir bizimlədir, kollektivin içindədir və bəzi oyunlarda da iştirak edib. Amma Əli Bəşirov üçün bəlkə də risk olar. Çünki bu komandada avrokuboklarda ilk dəfə oynayanda həyəcanı hiss olunurdu. Bu da sevinc həyəcanı idi. Hansısa risklərə getmişik, bəzi böyük səhvlər etmişik. Az da olsa, bu səviyyəyə çatmışıq. İstənilən halda onları meydana buraxmaqdan çəkinməyəcəyəm".
Qeyd edək ki, "Qarabağ" - "Tvente" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında Niderlandda keçirilən ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.