Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Komitə sədri: “Kimsəsizlər ev və işlə təmin olunmalıdırlar” - AÇIQLAMA + FOTO
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Azərbaycanda hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanların növbədənkənar birotaqlı mənzillə təmin olunması təklif edilib.
Bu məsələ hər kəs tərəfindən maraqla qarşılanıb. Təklifin tətbiq olunub-olunmaması ilə bağlı məsələ isə sual altındadır.
Bəs görəsən, təklifin tətbiq olunması gözlənirmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, bu kateqoriyadan olan şəxslər dövlətin nəzarəti altındadırlar:
“Hər iki valideynini itirən və yaxud da valideyn himayəsindən məhrum olan uşaq müəssisəsində böyüyən, 18 yaşı çatandan sonra uşaq müəssisəsini tərk edən hər bir vətəndaş Azərbaycan dövlətinin qayğısı altındadır. Bu kateqoriyadan olanların demək olar ki, hamısına mənzil verilir. Bakıda, Abşeronun Masazır qəsəbəsində, Gəncədə, Daşkəsəndə və başqa yerlərdə onlar üçün mənzillər tikilib verilir”.
Sədr qeyd edib ki, Milli Məclisdə təklif olunan məsələ şəhid ailələri və Qarabağ qazilərinə tikilən mənzillərdən onlara da verilməsi idi:
“Bu məsələ ilə bağlı problem yoxdur. Onların həm məşğulluğu, həm də mənzil məsələsi dövlətin nəzarəti altındadır. Yəni uşaq müəssisəsini tərk edəndən sonra belə onların heç biri kənarda qalmır. Yaşayış yeri ilə təmin olunur, məşğulluqlarına xüsusi dəstək göstərilir”.
Milli Məclisin deputatı Aydın Hüseynov isə əlavə edib ki, hər iki valideynini itirən, yaşamağa yeri olmayan şəxslərə dəstək göstərilməlidir:
“Ölkə prezidentinin həyata keçirdiyi siyasətin ən başlıca istiqaməti vətəndaşlarının sosial rifahının yüksəldilməsidir. Bu sahədə çox böyük addımlar atılır, layihələr həyata keçirilir. Eyni zamanda, dövlət büdcəsinin tərkibində həmişə sosial xərclərin çəkisi çox yüksək olur. Şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına xüsusi diqqətlə yanaşılır.
Lakin ölkəmizdə hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanlar var. Onlara xüsusi qayğı göstərilməsi aktual məsələlərdən biridir. Hesab edirəm ki, həmin şəxslərə dəstək göstərilməlidir. İş və evlə təmin olunmalıdırlar”.
Nəzrin Vahid
"Abşeron" teqi üzrə xəbərlər
- Abşeronda xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Xırdalanda 74 yaşlı qadın özünü spirtlə yandırdı
- 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
- "Özünüz yatıb, özünüz dura bilirsiniz?" zarafatı qanla nəticələndi