Moskva Azərbaycan, Rusiya və İranın XİN rəhbərlərinin görüşündə neft sahəsində koordinasiyanın müzakirə ediləcəyini istisna etmir.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiyanın XİN rəhbərinin müavini Qriqori Karasin bildirib.
“Üç xarici işlər naziri toplaşdıqda qadağan edilmiş mövzu yoxdur. Onlar bu görüşün iştirakçıları üçün maraqlı olan hər şeyi müzakirə edə bilərlər”, - İran, Rusiya və Azərbaycan XİN rəhbərlərinin neft sahəsində koordinasiyanı müzakirə edəcəklərinə dair suala cavab verərkən Karasin bildirib.
Xatırladaq ki, daha öncə Azərbaycan XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı və qarşılıqlı səmərəli əməkdaşlıq da daxil olmaqla ikitərəfli və üçtərəfli əməkdaşlıq layihələrinin müzakirə ediləcəyini bəyan etmişdi.
Azərbaycan, Rusiya və İran XİN rəhbərlərini görüşü aprelin 7-də Bakıda baş tutacaq.