Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Leyla Əliyeva BMT-nin İsveçrədəki ofisində görüşlər keçirib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Cenevrə Qlobal ofisinin direktoru Cankarlo Çirri və BMT Ətraf Mühit Proqramının (ƏMP) Avropa üzrə yeni təyin olunmuş regional direktoru Arnold Kraylhuber ilə görüşüb.
Oxu.Az-ın məlumatına görə, ÜƏP rəsmisi ilə keçirilən görüşdə IDEA təşkilatı ilə ÜƏP arasında BMT-nin dayanıqlı inkişaf məqsədlərindən olan Yer kürəsində aclığın aradan qaldırılması üzrə birgə fəaliyyət, o cümlədən münaqişələr, təbii fəlakətlər və iqlim dəyişmələrindən əziyyət çəkən insanların ərzaqla təminatına dair müzakirələr aparılıb. Leyla Əliyeva IDEA İB-nin Azərbaycanda və bölgəmizdən kənarda müxtəlif BMT qurumları ilə çoxşaxəli əməkdaşlıq nümunələrini diqqətə çatdıraraq, ÜƏP ilə daha sıx tərəfdaşlığa hazır olduqlarını vurğulayıb. Bu xüsusda o, Azərbaycanda son illər könüllülər hərəkatının geniş vüsət tapdığını və istər ölkə daxilində, istərsə də ölkədən kənarda dəyərli təcrübə qazandıqlarını nəzərə alaraq, ÜƏP-in dünyanın müxtəlif bölgələrində fəaliyyətlərinə Azərbaycan könüllülərinin cəlb olunmasını təklif edib.
ƏMP Regional direktoru ilə keçirilən görüşdə IDEA İB-nin bu BMT proqramı ilə Azərbaycanda həyata keçirdikləri müxtəlif layihələrə istinad edilmiş, uğurlu əməkdaşlıq nümunələri kimi canlı aləmin bir sıra növlərinin mühafizəsini ehtiva edən layihələr, o cümlədən Xəzər dənizinin ekologiyasının mühafizəsi və bərpası təşəbbüsləri göstərilib. Leyla Əliyeva xüsusilə qeyd edib ki, 30 ilə yaxın işğal altında olan ərazilərimizdə meşələr qırılmış, su hövzələri çirklənmiş, təbii ehtiyatlarımız amansızcasına istismar olunmuş, nəticədə ölkəmizin ekologiyasına ciddi zərər vurulub. Bu baxımdan, işğala məruz qalmış ərazilərimizdə təbiətin bərpası və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində ƏMP ilə əməkdaşlığın vacibliyi qeyd olunub.
IDEA İB-nin rəhbəri hər iki BMT proqramının nümayəndəsini bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransına dəvət edib və bu proses çərçivəsində birgə tədbirlər keçirmək imkanlarını müzakirə etməyə hazır olduqlarını diqqətə çatdırıb.
"Leyla Əliyeva" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Leyla Əliyeva Ruandada reallaşdırılacaq layihələr üzrə görüşlər keçirib
- Heydər Əliyev Fondunun dəstəyi ilə Ruanda məktəbi içməli su ilə təchiz olunub
- Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib