MDB müşahidə missiyası Azərbaycanda bazar günü keçirilən Parlament seçkilərini azad və şəffaf hesab edir.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə MDB müşahidə missiyasının rəhbəri, MDB-nin icraçı katibi Sergey Lebedev bildirib.
“Biz ilkin hesabatımızda seçkilərin Azərbaycan konstitusiyasına və Seçki məcəlləsinə müvafiq olaraq keçirildiyini və demokratik seçkilərin ümumi qəbul edilmiş normalarına uyğun olduğunu qeyd etmişik. Seçki azad, açıq, rəqabət mühitində keçirilib”, - agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti və seçki komissiyaları seçkilərin gedişatında ölkə vətəndaşlarının öz iradələrini azad ifadə etmə hüquqlarını həyata keçirə bilmələrini təmin ediblər.
Lebedevin sözlərinə görə, seçkilərin keyfiyyətli keçirilməsinə Azərbaycan hakimiyyətinin bütün strukturlarının yaxşı hazırlanmış işi vasitəçi oldu.
“MSK-dan başlayaraq məntəqə seçki komissiyalarına qədər seçkilərdə işləyənlər üçün keyfiyyətli təlimlər keçirilmişdi. Biz buna məntəqə seçki komissiyasının üzvlərinin seçicilər ilə dəqiq və təşkilatlanmış şəkildə işlədiyini gördükdə əmin olduq”, - o, deyib.
Missiya rəhbərinin məlumatına əsasən, 147 müşahidəçi 5,5 mindən çox seçki məntəqəsindən 1007 seçki məntəqəsində olub.
“Biz bütün məntəqələri əhatə edə bilmədik, amma hər yerdə yerli seçicilərlə fikir mübadiləsi apardıq, və belə bir nəticəyə gəldik ki, yalnız bizim deyil, elə yerli seçicilərin fikrincə də seçkilərdə qayda pozuntusuna yol verilməyib”, - o, deyib.
Lebedev iddia edir ki, Birliyin səkkiz dövlətinin nümaynədələrinin daxil olduğu MDB müşahidəçi missiyası Azərbaycanda seçkilərin şəffaf keçirildiyini, respublikanın qanunvericiliyinə müvafiq və ümumi qəbul edilmiş beynəlxalq normalara uyğun olduğunu hesab edir.
Birliyin səkkiz dövlətini təmsil edən MDB missiyası 147 müşahidəçidən ibarətdir.