Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 29-da Bakıda diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşüb.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Ölkəmizdə akkreditə olunan diplomatik missiya rəhbərlərinin həyat yoldaşları ilə görüşməkdən şad olduğunu bildirən Mehriban Əliyeva qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib:
“Mən sizi görməyimə çox şadam və hər birinizi səmimi qəlbdən salamlayıram. Bir az gec də olsa, sizinlə birlikdə Novruz bayramını qeyd etmək mənim üçün çox xoşdur.
Novruz Azərbaycanın ən sevimli, ruzili və nurlu bayramıdır. Novruz baharın, dirçəlişin simvoludur. Adətən Azərbaycanda Novruz bayramı ailə üzvləri ilə, dostlarla birlikdə bayram süfrəsi arxasında qeyd olunur. Bizim bugünkü görüşümüz də məhz dostluğun, qarşılıqlı hörmətin təzahürüdür.
Əziz qonaqlar, mən sizi bayram münasibətilə ürəkdən təbrik edirəm, sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik, təmsil etdiyiniz ölkələrə sülh və əmin-amanlıq arzulayıram.
Siz xeyli vaxtdır ki, Bakıda yaşayırsınız. Ümidvaram ki, Azərbaycanda olduğunuz müddətdə ölkəmizi tanımaq və sevmək imkanınız olub. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi tanınır. Paytaxtımızın simasında Qərb və Şərq, qədimlik və müasirlik vəhdət təşkil edir. Azərbaycan qədim tarixə, mədəniyyətə, ənənələrə malik olan ölkədir.
Eyni zamanda, biz müasir, dünyaya açıq, sülhsevər, daim əməkdaşlıq və inkişaf naminə çıxış edən ölkəyik. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Əsrlərboyu Azərbaycan torpağında müxtəlif dinlərin və millətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu tolerantlıq və multikulturalizm ənənələri bu gün də Azərbaycan dövlətinin siyasətində öz əksini tapır və hər bir azərbaycanlının qəlbində yaşayır.
Mən əminəm ki, siz Azərbaycanın ən böyük sərvəti olan insanlarımızın qonaqpərvərliyini, istiqanlılığını, səmimiliyini, insansevərliyini hiss etmisiniz. Ümidvaram ki, siz ölkəmizi tərk etdikdən sonra da Azərbaycan sizin qəlbinizdə xoş anlarla, sevinc dolu xatirələrlə yaşayacaq və yenidən ölkəmizə səfər etməyi unutmayacaqsınız.
Hörmətli xanımlar, 2019-cu il Azərbaycan üçün uğurla başlayıb. Bildiyiniz kimi, ölkəmizdə çox vacib islahatlara start verilib, həm iqtisadi sahədə, həm sosial sahədə. Bu gün atılan bütün addımlar Azərbaycanın gələcək uğurlu inkişafını təmin edəcək.
Çox xoş haldır ki, ölkəmizdə xarici səfirliklərin sayı artmaqdadır. Bu gün Azərbaycanda 65 diplomatik nümayəndəlik, 13 beynəlxalq təşkilat və 4 baş konsulluq fəaliyyət göstərir. Təmsil etdiyiniz ölkələrlə Azərbaycan qarşılıqlı maraq və hörmət əsasında əməkdaşlıq qurub və bu əlaqələr inkişaf etdirilir. Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.
Hörmətli xanımlar, fürsətdən istifadə edərək mən sizin fəaliyyətinizi xüsusi vurğulamaq istərdim. Ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, Azərbaycanda humanitar, sosial sahələrdə icra olunan layihələrə dəstək verdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.
Ölkələr və xalqlar arasında səmimi münasibətlərin formalaşmasında humanizm, xeyirxahlıq, insanlıq diplomatiyasını heç bir şey əvəz edə bilməz və mən buna görə sizə bir daha öz dərin minnətdarlığımı bildirirəm.
Hörmətli xanımlar, qoy bu bahar sizin üçün nurlu olsun, sizə xoşbəxtlik gətirsin. Mən sizə hədsiz xoşbəxtlik, cansağlığı, təmsil etdiyiniz ölkələrə və xalqlara əmin-amanlıq, sülh arzulayıram.
Çox sağ olun və bir daha xoş gəlmisiniz”, - deyə Azərbaycanın Birinci vitse-prezidenti bildirib.