Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasının qətnamələrinə münasibət bildirib
"Milli Məclis Niderland Krallığı parlamenti Nümayəndələr Palatasının qəbul etdiyi iki qətnaməni Azərbaycanı əsassız olaraq hədəf alan və Cənubi Qafqaz regionunda real vəziyyəti təhrif edən qərəzli siyasi aktlar kimi qətiyyətlə rədd edir və pisləyir".
Bu barədə Oxu.Az-a Milli Məclisdən məlumat verilib.
Qeyd edilib ki, yalan və saxta məlumatlar üzərində qurulan bu qətnamələr heç də sülhə, sabitliyə və konstruktiv dialoqa kömək göstərmir, əksinə, yaxın tarixə və bu günümüzə aid faktları, beynəlxalq hüquq normalarını və prinsiplərini, regionda qalmaqda olan çağırışları gözardı edən qeyri-obyektiv və birtərəfli yanaşmanı ortaya qoyur.
"Azərbaycan ərazisində ağır cinayətlər törətməkdə, o cümlədən terrorizm, separatizm, qəsdən adamöldürmə əməllərində və beynəlxalq humanitar hüququn digər ağır pozuntularında təqsirləndirilən şəxslərin "erməni hərbi əsirlər" kimi qələmə verilərək azadlığa buraxılmasının tələb edilməsi qanunun aliliyi prinsipinə açıq hörmətsizlikdən başqa bir şey deyildir və terrorizmin kökünün kəsilməsi, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi səylərini sarsıdır.
Erməni mədəni irsinin guya talan edilməsi barədə saxta ittihamların irəli sürülməsi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı dövründə xalqımızın mədəni, dini və tarixi sərvətlərinin dağıdılmasına və mənimsənilməsinə göz yumulması və bunların ört-basdır edilməsi kampaniyasının tərkib hissəsi və davamıdır. Azərbaycan mədəni irsinin sistemli şəkildə məhv edilməsinə səssiz qalan Niderland parlamenti Nümayəndələr Palatasının Azərbaycana qarşı həyata keçirdiyi növbəti ədalətsiz siyasi aksiya dərin təəssüf doğurur", - deyə Milli Məclisin bəyanatında qeyd edilib.
Bildirilib ki, Milli Məclis sözügedən qərəzli qətnamələrin Niderlandın xarici işlər naziri Kaspar Veldkamp tərəfindən rəğbətlə qarşılanması və müdafiə edilməsi Niderland hökumətinin Cənubi Qafqaz dövlətləri barəsində siyasətində seçmə yanaşmaya əsaslandığını nümayiş etdirir, doğma yurdları işğal edilmiş, etnik təmizləməyə, insanlıq əleyhinə cinayətlərə, o cümlədən soyqırımı aktlarına məruz qoyulmuş azərbaycanlıların əzablarını etiraf etmək əvəzinə, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına etinasızlıq göstərilməsindən və bu iddiaların üstüörtülü şəkildə dəstəklənməsindən ibarət olan dövlət siyasəti yeritdiyini bir daha açığa çıxarır.
"Əslində, bu bizim üçün təəccüblü deyildir. Niderlandın müstəmləkəçilik keçmişi Asiya, Afrika və Amerikanın çoxsaylı xalqlarının əsarət altına alınması və istismar edilməsi, onlara qarşı törədilən cinayət faktları ilə zəngindir. Müstəmləkə imperiyasını qəddar taktikanın köməyilə genişləndirən Niderland həmişə mənfəəti insan hüquqlarından üstün tutub. Niderlandın inkişafında müstəmləkə əsarətində olan ölkələrin milli sərvətlərinin talan edilməsinin böyük payı olub. Bu gün də dünyanın müxtəlif xalqlarını asılı vəziyyətdə saxlayan Niderlandın öz müstəmləkəçilik tarixinin ağır nəticələrinin aradan qaldırılmasına səy göstərdiyini bəyan etməsi riyakarlıq kimi qiymətləndirilməlidir".
Milli Məclis Niderland parlamentinin Nümayəndələr Palatasını, eləcə də bu ölkənin rəhbər vəzifəli şəxslərini Cənubi Qafqaz bölgəsində sülh və sabitlik yaradılması səylərinə mane olan hərəkətlərə son qoymağa çağırıb. Parlament Niderland Krallığı da daxil olmaqla, bütün dövlətlərlə konstruktiv dialoqu və əməkdaşlığı dəstəklədiyini bildirib, bu cür dialoq və əməkdaşlığın qarşılıqlı hörmətə və faktların vicdanlı etirafına əsaslanmalı olduğunu xatırladıb.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Zahid Oruc: "Sərhədlərin açılması ilə bağlı əhalimizlə açıq danışmalıyıq"
- Azərbaycanın sabiq deputatı olan general məhkəməyə VERİLDİ - SƏBƏB
- İcbari tibbi sığorta fondunun gələnilki büdcəsi üç milyard manat olacaq
- Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb
- Nazir inflyasiya faizini açıqladı