"Azərbaycanın Müxalifət Təşkilatlarının Koordinasiya Şurası" adlı qurum ölkəmizdə tanınmır. Daha doğrusu, bu adda təsisat mövcud deyil. İnternet axtarış sistemlərindən görünmür. Buna bənzər ifadə ilk dəfə 2011-ci ildə "İctimai Palatanın Koordinasiya Şurası" adı ilə KİV səhifəsində görünüb. Sonuncu dəfə isə 2019-cu ildə "Milli Şuranın Koordinasiya Mərkəzi" adı ilə qeydə düşüb. Radikal müxalifət düşərgəsində formalaşdırılan hər iki qurum qısa zaman kəsiyində qürub edib. İndi qəfildən ortaya çıxan təşkilat isə fərqlidir. O, "Azərbaycanın Müxalifət Təşkilatlarının Koordinasiya Şurası" adı ilə Avropa Parlamentinə müraciət edib. Milli Məclis seçkisinin legitimliyinin tanınmamasını tələb edib. "Meydan TV"nin bəyanatını yaydığı bu təşkilat harada qurulub, harada fəaliyyət göstərib, nə işlə məşğul olub? Cavab yoxdur. Amma qəribədir ki, Avropa təsisatları mövcud olmayan bu qondarma qurumu ciddiyə almaq barədə düşünürlər. Çünki, Azərbaycan əleyhinə kampaniyalarda istifadə etmək üçün özləri yaradıblar.
Səsvermə günü törədilən insidentlər bu təşkilat kimi qondarmadır. Öncədən hazırlanmış təxribat planının tərkib hissəsidir. Səsvermə qutusundan müəyyən məsafədə dayanmalı olan namizəd qaydaları pozub məntəqəyə girirsə, müşahidəçi ilə şillə-təpik davasına çıxırsa və həmin anda xaricdən idarə olunan media qurumunun əməkdaşı dərhal hadisə yerində peyda olursa, deməli hər şey ssenari üzrə gedir. Təxribat proqramı, onu icra edəcək komponentlər öncədən hazırlanıb, təyinat nöqtəsinə göndərilib.
Kim yazıb bu ssenarini, kim icra edir onu?
İnsidentlərin törədiləcəyi bəlli idi. Avropa institutlarının Milli Məclis seçkisi barədə neqativ rəy verməsini təşkil etmək üçün planlar qurulmuşdu. Bunun ilkin əlamətləri seçki günündən 1 ay öncə görünmüşdü. Həbs edilmiş keçmiş diplomat Emin İbrahimov və "OC media"nın əməkdaşı Bəhruz Səmədovun ifadələrindən bəlli olmuşdu ki, hər iki şəxs xidmətində olduqları xarici mərkəzlər tərəfindən Milli Məclis seçkisi və COP29 üzrə əks kampaniyalar təşkil etmək yönündə tapşırıqlar alıblar.
Emin İbrahimov 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində çalışıb. Sonrakı fəaliyyətini Uruqvayda davam etdirib. 2020-ci ildə daşıdığı vəzifədən istefa verib. Onun Uruqvayda işləyərkən xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edildiyi üzə çıxıb.
İbrahimov Bakıda təsadüfən, məişət pozuntusu faktına görə saxlanılıb. Amma istintaqın gedişində yeni faktlar aşkarlanıb. Keçmiş diplomatın COP29 və Milli Məclis seçkisi fonunda Azərbaycana qarşı təşkil ediləcək kampaniyalarda rol aldığı təsdiqlənib.
Bəhruz Səmədovun əməkdaşı olduğu "OC media" ( Open Caucasus Media) da Qərb dairələrinin Cənubi Qafqaz üzrə formalaşdırdıqları xüsusi mərkəzlərdən biridir. Bu tip KİV-lərin funksiyaları təkcə informasiya yaymaqla məhdudlaşmır. Onlar Qafqaz dövlətlərində Qərb siyasətinə boyun əyən auditoriyanın formalaşdırılmasında, uyğun kadrların seçilib müəyyənləşdirilməsində, bəslənilib yetişdirilməsində, həmçinin, bu "kadrların" zəruri anlarda təxribatlara cəlb edilməsində mühüm rol oynayırlar. Bu barədə Azərbaycan KİV-ində dərc edilmiş "OC media- ABŞ-nin Cənubi Qafqazda kadr labaratoriyası" adlı yazıda geniş bilgi verilib (https://qafqazinfo.az/news/detail/jamnews-kime-xidmet-edir-429120?fbclid=IwAR2sorm9a9SYiSeF3yqsXicqR8WGp8KvYInI_QpHpyrM0mUz3qLipEUdHbg ).
İbarihimov və Səmədovun ifadələrindən bəlli olur ki, Qərb siyasi mərkəzləri Bakıda keçirilmiş "Avroviziya mahnı müsabiqəsi", "Bakı-I Avropa Oyunları", "İslam Həmrəyli Oyunları" və digər bu tip əlamətdar hadisələr zamanı tətbiq etdikləri təxribat əməllərini COP29 üzərində də sınamaq istəyirlər. Yəni, bu tədbirlər fonunda Azərbaycana yönələn beynəlxalq diqqəti neqativə kökləməyə çalışırlar. Eldar İbrahimov da bu prosesdə rol alır. O, verilmiş tapşırığı icra etmək üçün başqa bir neçə keçmiş və indiki diplomatla əməkdaşlıq edir. Onlar üçün Azərbaycanın xarici siyasətini və ayrı-ayrı məmurları sərt tənqid edən, anonim fəaliyyət göstərən xüsusi media layihələri də açıblar. Bu şəbəkə sırasında təmsil olunan və saxlanılan digər şəxslər də var. Barələrində istintaq davam edir.
Emin İbrahimov və Bəhruz Səmədovun fəaliyyətləri bu kontekstdə Qubad İbadoğlu, Ələsgər Məmmədli, Akif Qurbanov, Anar Məmmədli, Ülvi Həsənli işi ilə üst -üstə düşür. Sadalanan şəxslərin istintaqı zamanı üzə çıxan məlumatlar deməyə əsas verir ki, əslində ABŞ və onun Qərb tərəfdaşları Azərbaycan üzrə yeni və çoxşaxəli təxribatı proqramı hazırlanıb. Milli Məclis seçkisinin gedişində üzə çıxanlar isə həmin proqramın ayrı-ayrı elementləridir. Bu elementləri bir xətt üzrə düzəndə, daşlar yerinə oturur və Qərbin "yeni strategiyasının" mahiyyəti tam açılır. Onların hansı nəticələrə nail olmaq istədikləri bilinir. Bu barədə Azərbaycan KİV-ində yayımlanmış "Qərb şəbəkəsinin indiki hədəfləri" başlıqlı yazıda geniş məlumat verilib (https://musavat.com/news/yenilenmis-qerb-sebekesi-nin-uzvleri-ve-texribat-planinin-detallari-belli-oldu-sensasion-faktlar_1093817.html ). Bu baxımdan indiki yazıda həmin məqamın üzərində geniş dayanmağa zərurət qalmır.
İndi araşdırılması zəruri olan sual budur ki, ABŞ/Qərb şəbəkəsi Azərbaycanda təxribatçı proqramlarını gerçəkləşdirmək üçün hansı mexanizmlərdən istifadə edirlər? "Azərbaycanın Müxalifət Təşkilatlarının Koordinasiya Şurası" qismində qondarma qurumları necə formalaşdırırlar, harada bəsləyib saxlayırlar?
İstintaqa cəlb edilmiş şəxslərdən alınan ifadələr bu istiqamətdə də müəyyən aydınlıq yaradır.
Köhnə, təzə metodlar...
Hədəf ölkələrdə ictimai-siyasi prosesləri nəzarətdə saxlamaq, zəruri anda müdaxilə etmək üçün ABŞ və onun Qərb tərəfdaşları fərqli mexanizmlərdən faydalanırlar. Bu mexanizmlər zamana, şərtlərə və texnoloji inkişafa uyğun olaraq yenilənir. Qərb mərkəzlərinin son təxribat proqramlarında həm yeni, həm də köhnə metodlardan istifadə olunması nəzərdə tutulur.
Məsələ, 1990-cı illərdə Azərbaycanda təsir rıçağı qismində radikal yönlü müxalifət partiyalarından, həmçinin, bu partiyalar ətrafında cəmləşdirilmiş QHT/KİV şəbəkələrindən istifadə ediblər. "QHT və KİV-in" bu prosesdə 2 mühüm funksiyası olub. Onlar ictimai rəyi çaşdırmaq üçün radikal müxalifət partiyaları tərəfindən verilən əsassız bəyanatları paylaşır, qondarma faktlar üzrə kampaniyalar keçirir, etiraz aksiyalarında iştirak edirlər. Yəni, Qərb institutları peyk QHT və KİV-i qrant vəsaiti ilə maliyyələşdirib şirnikləşdirməklə, radikal müxalifət partiyaları üçün həm də sosial baza hazırlayırlar. Təlimatlandırılan, maliyyələşdirilən "QHT və KİV" təmsilçiləri bir sifarişlə küçələrə tökülüb insident yarada bilirlər.
Radikal müxalifət partiyaları ətrafında "QHT və KİV" şəbəkəsi formalaşdırılmasının digər mühüm səbəbi isə onların "maliyyə ötürücüsü" funksiyasına bağlıdır. Bəllidir ki, "qrant" humanitar, sosial və ekoloji inkişaf proqramlarını maliyyələşdirmək üçün əvəzsiz verilən maddi vəsait formasıdır. Hüquqi aktlarda qeyd edilir ki, qrant siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, hərmçinin siyasi təşkilatın və ya şəxsin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilə bilməz. "Siyasi partiyalar haqqında qanun" da partiyaların xarici mənbələrdən maliyyələşməsini qadağan edir. Problem ondadır ki, ABŞ və Qərb dövlətlərinə bağlı olan "donor təşkilatlar" məhz bu müddəanı intensiv şəkildə pozurlar. Ayrı-ayrı ölkələrdə siyasi proseslərə təsir göstərmək, müxalif siyasi partiyaları öz maraqları yönündə istiqamətləndirmək üçün "qrantlardan" istifadə edirlər.
Siyasi proseslərin maliyyələşdirilməsində "qrantlardan" istifadə edilməsi üçün çaşdırıcı mexanizmlər qurublar. Sifarişlə işləyən siyasi mərkəzlərin ətrafında "peyk QHT-lər", "peyk KİV" cəmləşdirilib. USAİD, NED, "Soros Fondu" və digər bənzər "donorlar" tərəfindən həmin peyk QHT/KİV-ə humanitar, sosial, ekoloji, demokratik inkişaf proqramları adı altında "qrant" vəsaiti ayrılır. Bu yolla vəsaitin hədəf ölkəyə çatdırılması leqallaşdırılır. Sonucda isə vəsait "layihə almış QHT və KİV"in vasitəçiliyi ilə siyasi mərkəzlərə ötürülür.
1990-cı illərdən, yəni müstəqilliyin ilk illərindən etibarən Azərbaycanda da belə mexanizmlər qurulub. Yəqin ki, əksər oxucular 90-cı illərdə AXCP, Müsavat və o dövrün digər müxalif siyasi partiyaları ətrafında qurulmuş peyk QHT və KİV-i xatırlayırlar. "Bu QHT AXCP-nindir", "o KİV qurumu Musavatındır" kimi deyimlər hələ də yaddaşlardadır.
Gürcüstanda, Ukraynada törədilən "məxməri inqilablar", Ermənistanda gerçəkləşdirilən siyasi çevrilişlər, Türkiyədə ciddi iz buraxmış "Gəzi parkı" olayları və 10-larla digər səsli-küylü qlobal insidentlər məhz belə mexanizmlər vasitəsilə maliyyələşdirilərək həyata keçiriliblər.
Aktiv siyasi proseslər dönəmində, xüsusilə Prezident və Parlament seçkisi zamanında müxalif siyasi partiyalarla "QHT-KİV şəbəkəsi"nin effektiv koordinasiyasını həyata keçirmək məqsədilə, fərqli formatlarda platformalar yaradılıb. "Demokratik Konqres", SİDSUH (Siyasi islahatlar və demokratik seçki uğrunda hərəkat), "Azadlıq Bloku", "İctimai Palata", "Milli Şura" kimi formatlar məhz bu məqsədlə ərsəyə gətirilib. Xarici mərkəzlərin diktəsi ilə hərəkət edən siyasi partiyaların, QHT və KİV-i vahid platformada birləşdirilməsi ideyasına xidmət edib.
İndi bunların əksəriyyəti yoxdur. 2013-2015-ci illərdə aparılan hüquqi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə Azərbaycanda qrant verilməsi və alınması sahəsində qeyri-leqal fəaliyyətlərin qarşısı alınıb. Siyasi fəaliyyətin "qarant " adı altında qanunsuz mexanizmlərlə maliyyələşdirilməsinin dayandırılması mümkün olub. "Qrant haqqında Azərbaycan Respublİkası Qanunu"na edilən dəyişikliklər bu müstəvidə səliqə yarada bilib. Nəticə etibarilə, radikal müxalifət düşərgəsi özünün Qərbin dəstəyi ilə formalaşdırılmış "sosial dayaqları"nı itirib. Yandaş QHT və KİV-in əksəriyyəti sıradan çıxıb. Radikalların ictimai rəyə, siyasi proseslərə müdaxilə imkanları sarsılıb. Bəs indi təxribatı kimin vasitəsilə və necə törədirlər?
Siyasi partiyalarla QHT/KİV şəbəkəsinin missiyası dəyişdirilir
Son dövrdə üzə çıxan faktlar onu göstərir ki, Qərb mərkəzləri bu "vəziyyətə uyğunlaşmaq üçün" addımlar atıblar. Yəni, öz tərəfdaşlarını maliyyələşdirib təşkilatlandırmaqdan əl çəkməyiblər. Sadəcə yeni mexanizmlər quraraq işlərini davam etdiriblər.
Son 2 il ərzində Azərbaycan hüquq-mühafizə orqanlarının həyata keçirdikləri təhqiqatlar göstərdi ki, Qərb fondları müxalif yönlü siyasi partiyaları, QHT və KİV-i qanunsuz olaraq maliyyələşdirməkdə davam edirlər. Qeyri-leqal yollarla maliyyəni öz əlaltılarına çatdırmaq üçün yeni mexanizmlər qurublar. Nədən ibarətdir yeni mexanizmlər?
Araşdırmalar göstərir ki, 2014-cü ildən sonra ABŞ və digər bir sıra Qərb dövlətlərinə bağlı olan fondlar Azərbaycandakı tərəfdaş QHT və KİV üçün qrant üzrə hesabatlılığı sadələşdiriblər. Donor institutlarla bağlanmış "qarant" müqavilənin Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi tələbini ləğv ediblər. Əlavə olaraq, layihə üzrə piar kampaniyasının aparılması, yəni layihənin icrasına başlanılması barədə məlumatın ictimailəşdirilməsi öhdəliyini aradan qaldırıblar. "Qrant" üzrə verilmiş maliyyənin bank hesabları üzərindən realizə olunması və digər bu kimi şərtlər də ləğv edilib. Beləliklə, verilən "qrant"ın məxfi formada ötürülməsi və lazımi ünvanlara çatdırılması üçün zəruri olan şərait yaradılıb. "Qrant"lar Gürcüstanda qeydə alınıb, pullar Gürcüstan banklarında alınıb, nəğdləşdırılıb və kuryer vasitəsilə Azərbaycana çatdırılıb.
Bu sahədə tətbiq edilən əlavə bir mexanizm isə qanunsuz qrantların ABŞ və bəzi Avropa ölkələrinin səfirlikləri, həmçinin, Avropa İttifaqı və Avropa Şurasının Bakı ofisi üzərindən çatdırılması olub. Mahiyyəti odur ki, Avropa İttifaqı, Avaropa Şurası dövlətlərarası beynəlxalq təşkilatlardırlar. Onların ölkəyə gətirdikləri və sərf etdikləri vəsaitlər qrant haqqında qanunla tənzimlənmir. Qeyd edilən təşkilatlar bu imtiyazdan faydalanıblar.
Avropa İttifaqı, Qərb səfirlikləri və USAID kimi təşkilatlar Azərbaycandakı tərəfdaş təşkilatları maliyyələşdirmək üçün "qrant" müqaviləsindən deyil, "xidmət müqavilələri"ndən istifadə ediblər. QHT və KİV təmsilçilərini müxtəlif layihələrin həyata keçirilməsində hüquqi şəxs kimi deyil, fiziki şəxs qismində iştiraka cəlb ediblər. Sadə dildə desək, tərəfdaş QHT/KİV təmsilçilərini "xidmət müqaviləsi" ilə işə götürərək, xidmət haqqı ödəyiblər. Amma bu ad altında verilən vəsaitin məbləği əmək haqqı və ya xidmət haqqı standartını aşır. Məsələn, ABŞ səfirliyinin bir "kitabın tərcüməsi üçün" müxalif yönlü "eksprtə" verdiyi vəsaitin məbləği 20 min dolları olub. Yəni, əslində bir qrant layihəsinin büdcəsi qədərində məbləğ fiziki şəxslə bağlanmış xidmət müqaviləsi adı altında qarşı tərəfə ötürülüb. Əldə edilən faktlar göstərir ki, bəzi Qərb ölkə səfirlikləri "kitab tərcüməsi", "broşur hazırlanması, "sorğu keçirilməsi", "təlimin idarə edilməsi" adı ilə 100-lərlə xidmət müqavilələri bağlayıblar. Yüz min dollarla vəsaiti bu ad altında tərəfdaş QHT və KİV-ə ötürüblər. "Xidmət müqaviləsi" adı altından yüksək məbləğli vəsait müxalifət partiya təmsilçilərinə, tərəfdaş KİV və QHT-lərə ötürülməsi bu vəsaiti yerli hüquqi prosedurlardan yayındırılıb.
Məlumat üçün qeyd edək ki, həmin metoddan bu gün də istifadə edilir. Azərbaycanda 2014-cü ilə qədər xarici fondlardan vəsait alan ələbaxan QHT/KİV-in əksəriyyəti indi də Avropa Şurası və Avropa İttifaqının ofisləri üzərindən maliyyələşdirilirlər. Məsələn, LGBT hərəkatı və radikal feministlərin Azərbaycanda qrant alması ilə bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. Amma 2021-ci ildə Avropa Şurasının Ukrayna ofisinin saytında məlumat yayılıb ki, təşkilat "Şərq Tərəfdaşlığı proqramı" çərçivəsində "Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması, onlarla mübarizə haqqında Konvensiya"sının (İstanbul Konvensiyası) təşviqi üzrə regional proqramlar həyata keçirməyə başlayıb. Ermənistan, Moldova və Ukrayna QHT-ləri ilə yanaşı, Azərbaycandan da 8 təşkilat bu prosesə cəlb olunub. Azərbaycan QHT-lərinə ayrılan məbləğ 2 milyon avro olub. Amma bu təşkilatlar və layihələr haqqında Azərbaycan seqmentində heç məlumat açıqlanmayıb.
O da məlum olub ki, son illər ərzində ölkədə ictimai maraqların ziddinə olan aksiyalar keçirən "Radikal feministlər şəbəkəsi" məhz bu proqram çərçivəsində formalaşdırlaraq aktivləşdirilib. Cəmiyyətimiz həmin "Radikal feministlər"i Nərmin Şahmarzadənin simasında Milli Qəhrəman Mübariz İbrahimovu açıq tekstlə təhqir edən açıqlamalarından tanıyır. Yaxud, Bakı küçələrində təşkil edilən və milli əxlaqa zidd olan şüarlarla bəzədilmiş "8 mart yürüşü" həmin prosesin tərkib hissədir.
Bu qrupun üzvləri yalançı "sülhsevər/pasifistlər platforması"nda da fəallıq edirlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibə apardığı bir dövrdə 87 nəfər "azərbaycanlı pasifist" bəyanat yayaraq Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı dəstəkləyiblər və sair.
Bu məqamda qeyd etmək zəruridir ki, ABŞ və onun Qərb tərəfdaşları 2014-cü ildən sonra təkcə "qrant" adı altında maliyyə vəsaitinin ötürülməsi mexanizmini deyil, həm də yerli tərəfdaşların təşkilatlandırılması və koordinasiya metodunu dəyişdiriblər. İndi "USAID-in dəstəklədiyi müxalifət qrupları" deyəndə, təkcə müxalifət partiyaları nəzərdə tutulmur. Əvvəllər metodologiya fərqli olub. Ayrı-ayrı ölkələrdə təxribatçı əməllər törədilməsi üçün konkret siyasi təşkilatlarla əməkdaşlıq edilib. Onların ətrafında yedək "QHT və KİV" cəmləşdirilib. Son illərdə isə variant dəyişir. Qərb təxribat institutları indi "QHT" və "KİV-i" hansısa siyasi partiyanın ətrafında cəmləyib onun vasitəsilə koordinasiya etmirlər. İndi onlar milli düşüncəyə zidd olan, cəmiyyətin harmoniyasını pozan bütün marginal qrupları əlahiddə formada dəstəkləyib təşkilatlandırırlar. "Radikal feministlər" hərəkatı bu sahədə nümunələrdən yalnız biridir. ABŞ və onun Qərb tərəfdaşları Azərbaycanda bu modeldə çoxlu sayda qeyri-leqal, çevik mobilizə olunan qruplar formalaşdırmağa təşəbbüs göstərirlər. Bu barədə artıq Azərbaycan KİV-ində məlumatlar dərc edilib (https://report.az/analitika/abs-texribat-texnologiyalarini-yenileyir-yigcam-cevik-desteler-formalasdirilir/ ) Son 2 il ərzində aparılan təhqiqatlar isə bu sahədə yeni elementləri üzə çıxarıb.
Bəlli olub ki, qeyri-leqal vasitələrlə maliyyələşdirilib təşkilatlandırılan çox sayda mobil qruplar yaradılıb və onlara külli miqdarda vəsait ötürülüb. "Abzas Media", "Toplum TV", "Demokratik Təşəbbüslər İnstitutu" (DTİ), "III Respublika Platforması", "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi", "Meclis.info" portalı və digər çoxsaylı qurumlar məhz bu formatda yaradılaraq inkişaf etdiriliblər.
Qanunsuz qrant vəsaitlərinin məbləği milyon dolları keçib
2021-2024-cü illərdə Anar Məmmədlinin rəhbərlik etdiyi "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" Gürcüstanın "TBC Bank"ındakı hesablar vasitəsilə "Tiflis İnsan Hüquqları Evi" təşkilatından ümumilikdə 1 milyon 442,2 min manat vəsait alıb. Onun maliyyə dəstəkçiləri sırasında "Bərabər Hüquqlar üzrə Müstəqil Media Mərkəzi" (Fransa), "İsveç Beynəlxalq Liberal Mərkəzi", "İnsan Haqları Evi Fondu" (İsveç), "Norveç İnsan Haqları Evi Fondu" (Norveç), "İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq" (Belçika) , "National Endowment Democracy", "Alman Marşal Fondu" (ABŞ), "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi" (Çexiya) və digərlərinin adı keçir.
"Abzas Media" xəbər portalının rəhbəri Ülvi Həsənov, eləcə də onun ətrafında cəmləşən heyət 2020-2023-cü illərdə qanunsuz yolla Azərbaycana 565.665 manat pul vəsaiti keçiriblər. Onlar bu pulu Gürcüstandakı "TBC Bank" və "Bank of Georgia"nın bankomatlarından çıxarıblar. Vəsaitlərin bir hissəsini London banklarındakı hesablardan, digər bir qismini isə Azərbaycanda olan "Bank of Respublika", "Turan Bank"ın bankomatlarından anonim kartlar vasitəsilə çıxarılaraq istifadə ediblər. Bu pullar USAID, National Endowment Democracy, German Marshall Fund, İnternews, Freedom House (ABŞ), Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi, "People in Need" (Çexiya) və sləri tərəfindən ayrılıb. ABŞ, Almaniya və Fransa səfirlikləri də "Abzas Media"nın qeyri-qanuni sponsorları sırasında olublar.
"Demokratik Təşəbbüslər İnstitutu" İctimai Birliyinin rəhbəri və "III Respublika Platforması" adlı qurumun həmtəsisçisi Akif Qurbanov, "Toplum TV" portalının təsisçisi Ələsgər Məmmədli "Citibank", "Raiffeizen" (Avstriya), "UNİ Credit" (Çexiya) və "TBC Bank" (Gürcüstan) üzərində olan hesabları vasitəsilə, Qərb fondlarından 1 milyon manatdan çox vəsait alıblar.
"Meclis.info" portalının və "Article 54" adlı təşkilatın həmtəsisçisi, istintaqda olan İmran Əliyev öz ifadəsində Gürcüstanın "TBC Bank"ında pul nəğdləşdirdiyini, üçüncü şəxslər vasitəsi ilə ölkəyə keçirdiyini etiraf edib. O, 2019-2023-cü illərdə çoxsaylı xarici təşkilatlardan 297 min manat alıb. Axtarış zamanı daha 533 min manat dəyərində planlaşdırılan layihə sənədləri aşkar edilib. Onun sözlərinə görə, ABŞ səfirliyinin əməkdaşı və qrant layihəsinin koordinatoru Nigar Əliyeva bütün bu prosesdə fəal iştirak edib.
Guya demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına dəstək məqsədi daşıyan bu cür layihələr, əslində, Azərbaycan xalqının milli maraqlarına qarşı yönəlib, dövlətin strateji layihələrini hədəfə gətirir. Vətən Müharibəsinin qızğın vaxtında hərbi əməliyyatların dayandırılmasını tələb edən, həmçinin, Azərbaycanı guya Ermənistana qarşı ədalətsiz müharibə aparmaqda ittiham edən "No WAR" kampaniyasının, yaxud, LGBT-nin leqallaşdırılması tələbini səsləndirən aksiyaların kim tərəfindən təşkil olunması, yəqin ki, hər kəsi maraqlandırır. Bu kimi bütün marginal ideyalar Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (Soros Fondu), USAİD, NED və digər ABŞ/Qərb mərkəzləri tətəfindən ötürülən qanunsuz "qrantlar" əsasında hazırlanaraq ərsəyə gətirilir. Onlar cəmiyyət üçün marginal olan qrupları aktivləşdirib milli əxlaqa zidd olan vərdişləri aşılamaqla kifayətlənmirlər. Həm də siyasi proseslərə müdaxilə etməyə cəhd göstərirlər. Dövləti strateji hədəfindən yayındırmağa çalışırlar. Bu şəbəkələr vasitəsilə 2024-cü ilin fevral ayında, Prezident seçkisi zamanında təxribatlar törədilməsinə cəhd edildi. İndi yenidən toparlanmağa, eyni hərəkətləri Milli Məclis seçkisi və COP29 ərəfəsində təkrarlamağa çalışrlar.
Parlament seçkisi ilə əlaqədar bu il avqustun 12-də Aİ-nin Bakı ofisində AXCP, "Müsavat" və digər partiyaların rəhbərləri ilə görüş təşkil olunub. Görüşdə Aİ ölkələrinin, ABŞ və Böyük Britaniyanın səfirləri də iştirak ediblər. KİV-də yayılan məlumatlara görə, radikal müxalifətin fəallaşması, aksiyaların keçirilməsi, cəmiyyətdə gərginlik və qarşıdurma mühitinin yaradılması məsələləri müzakirə edilib. Partiyaların gələcək maliyyələşdirilməsi şərtləri də nəzərdən keçirilib.
Yeri gəlmişkən qeyd edək ki, Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında qanun"un qəbulundan sonra Qərbdən maliyyələşən azərbaycanlı siyasi fəallar mərkəzlərini Çexiyanın paytaxtı Praqaya köçürüblər. Gənc azərbaycanlı fəallar qruplarının maliyyələşdirilməsi və formalaşdırılması, onların Çexiyada Azərbaycan əleyhinə fəaliyyətlərinin əsas əlaqələndiricisi "III Respublika Platforması"nın təsisçilərindən biri Elman Fəttahdır. Elman Fəttahın Qərb kuratorlarının dəstəyi ilə Bosniya və Herseqovinada xüsusi radikal qrupların hazırlanmasını təşkil edir. Ehtimal olunur ki, bu qruplar Azərbaycanda COP29 tədbirləri keçirilən zaman öz təxribatçı əməllərini aktivləşdirəcəklər.
Onu da bildirək ki, Qərb şəbəkəsinin öz resurslarının bir qismini Gürcüstandan Çexiyaya, o cümlədən Bosniyaya köçürülməsi Gürcüstandakı "ocaqların söndürülməsi" anlamını daşımır. Gürcüstanda "beyinlərin yuyulması", media və QHT sahəsi üçün yeni kadrların formalaşdırılması prosesi hələ də davam edir. ABŞ-ın Bakıdakı səfirliyi hər il Gürcüstan İctimai Əlaqələr İnstitutunda (GIPA) gənc jurnalistlər üçün təlimlər təşkil edir və onları maliyyələşdirir. Azərbaycanlı gənclər universiteti bitirdikdən, vətənə qayıtdıqdan sonra Qərb şəbəkəsinin təmsilçisi olurlar. Bu institutun demək olar ki, bütün məzunları hakimiyyətə, milli dəyərlərə, ictimai münasibətlərə qarşı barışmaz mövqe tuturlar. ABŞ Səfirliyi GİPA-ya qəbulla bağlı sonuncu elanı 2024-cü ilin may ayında öz saytında yerləşdirilib.
Aqil Vəlili