Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Milli Məclis Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı müraciətlər ünvanlayıb
Milli Məclis tərəfindən Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib.
Müraciətlərdə deyilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək onu bir gecədə yerlə bir etdilər. Etnik mənsubiyyətlərinə görə 613 mülki şəxs, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan qəddarcasına qətlə yetirilib. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirib. Qurbanlara misilsiz qəddarlıqla yanaşılıb. Xocalının daha 1 275 sakini girov götürülüb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi hələ də naməlumdur.
Bu soyqırımı aktının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi olsa da, birbaşa icraçıları Ermənistanın silahlı birləşmələrinin üzvləri, erməni terrorçu qruplaşmaları və Xankəndidə yerləşən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri olublar.
Müraciətlərdə qeyd olunur ki, Azərbaycan 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra, bu gün azad edilmiş bütün ərazilərdə, o cümlədən Xocalıda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Digər bölgələrin sakinləri kimi, doğma torpaqlarına qayıtmağa başlayan Xocalı əhalisi də öz evlərində sülh və təhlükəsizlik şəraitində yaşayacaqdır.
Lakin Xocalı soyqırımı qurbanları hələ də ədalətin bərpasını gözləyir. Təəssüf ki, Ermənistan bu qətliamın və digər çoxsaylı müharibə cinayətlərinin icraçılarını ədalət qarşısına çıxarmaqdan imtina edir. Ermənistanın bu fəaliyyətsizliyi və törətdiyi qanun pozuntularına görə heç bir tədbir görməməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır, cəzasızlığı möhkəmləndirir və regionda çoxdan gözlənilən sülh və sabitliyə ciddi təhdid yaradır.
Müraciətlərdə vurğulanır ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir cinayətdir. Sivil dünyanın bu soyqırımı qətiyyətlə pisləməsi gələcəkdə belə cinayətlərin törədilməsinin qarşısını almağa kömək edə bilər.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Pensiya kapitalından istifadə hansı imtiyazlara yol aça bilər?
- Pol Kelleri-Selbon: "Qvadelupdakı kommunikasiya vasitələri Fransanın əlindədir"
- Şahin İsmayılov: "Fransa Azərbaycana qarşı qarayaxma kampaniyası aparır"
- Azər Kərimli: "Fransanın neokolonializm siyasəti humanizmə qarşı elan olunmamış müharibədir"
- Yeni kaledoniyalı jurnalist: "Azərbaycanla əməkdaşlıq edərək mətbuat azadlığını öyrənmək istəyirik"