Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ABŞ səfirliyinin dövlətə xəyanət ittihamı ilə barəsində həbs-qətimkan tədbiri seçilən jurnalist Rauf Mirqədirovla bağlı bəyanatına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Ə.Hüseynli APA-ya açıqlamasında ABŞ səfirliyinin hüquq müstəvisində olan məsələyə siyasi münasibət bildirməsinin Azərbaycan tərəfdə təəssüf doğurduğunu vurğulayıb.
O qeyd edib ki, kimliyindən asılı olmayaraq, qanunvericilik çərçivəsində prosessual tərəflər qorunmaqla, həbs olunmuş şəxsin Azərbaycanda Avropa standartlarına tam uyğun olan müdafiə mexanizmlərindən istifadə etmək imkanı var:
“Hər hansı şəxsin fəaliyyət növündən asılı olmayaraq həbsinə siyasi qiymət, siyasi bəyanat vermək doğru addım deyil. Bu, hüquq sisteminə hörmətsizlikdir.
Qeyri-hüquqi mexanizmlərlə insanların həbsi təcrübəsi təəssüf ki, elə ABŞ-da mövcuddur. Quantanamo həbs düşərgəsi və sair buna misaldır. Prezident Barak Obama prezident seçilərkən bəyanat vermişdi ki, bu qara səhifəni - Quantanamo məsələsini bağlayacaq, təəssüf ki, bunu görmədik”.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Rauf Mirqədirovun Türkiyədən qəfil deportasiyası və Bakıda saxlanmasından narahat olduğunu bəyan edib:
“Biz həmçinin Mirqədirovun Azərbaycan hökumətini tənqid edən yazıları, yaxud onun Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası cəhdlərində iştirakından dolayı həbs olunması iddialarına görə narahatıq”.