Ucar rayonunda doğuşdan sonra həyatını itirən qadını əməliyyat edən cərrah ölüm faktı ilə bağlı açıqlama verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri Cavanşir Qədirovun dediyinə görə, aprelin 21-də 20 yaşlı Zərdab rayon sakini Sayad Abdulrəhmanova doğuş üçün xəstəxanaya yerləşdirilib.
Təbii doğuş mümkün olmadığından elə həmin gün qeysəriyyə əməliyyatı yolu ilə doğuş həyata keçirilib. Həkimin sözlərinə görə, 1 gün sonra ayın 22-də saat 11:00 radələrində xəstəxananın tibb bacısı xəstənin palatada yerdə huşsuz vəziyyətdə olduğunu görüb.
S.Abdulrəhmanovanın hansı səbəbdən yıxılması hələlik məlum deyil. Xəstənin vəziyyətinin get-gedə pisləşdiyini görən həkimlər Bakıdan həkim briqadası çağırsalar da, onu xilas etmək mümkün olmayıb. Qadın aprelin 23-də, gecə saat 00:30 radələrində dünyasını dəyişib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Ucar Rayon Şöbəsinə təhvil verilib.
S.Abdulrəhmanovanın ölümünün dəqiq səbəbi ekspertizanın rəyindən sonra dəqiq məlum olacaq.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırma aparılır.
10:35
Ucar rayonunda ana doğuşdan sonra dünyasını dəyişib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ucar Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hadisə gecə saatlarında baş verib.
Zərdab rayon sakini, 1994-cü il təvəllüdlü Sayad Abdulrəhmanova aprelin 21-də doğuş üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Doğuş qeysəriyyə əməliyyatı yolu ilə həyata keçirilib. Uşaq götürüləndən sonra ananın vəziyyəti pisləşib. Xəstəxanaya Bakıdan çağırılan həkimlər gəlsə də, ananı xilas etmək mümkün olmayıb, qadın gecə saatlarında dünyasını dəyişib.
Dünyaya gələn oğlan uşağının isə tam sağlam olduğu bildirilib. Bu, S.Abdulrəhmanovanın ilk doğuşu imiş.