Oktyabrın 22-də hökumətin yeni tərkibini formalaşdıran prezident İlham Əliyev general-polkovnik Səfər Əbiyevi müdafiə naziri postuna təsdiqləməyib, bu vəzifəyə daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı Zakir Həsənovu təyin edib. Dövlət başçısı həmin gün Zakir Həsənova general-polkovnik hərbi rütbəsi də verib.
Oxu.Az “Media forum” saytına istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin komandiri, Milli Qəhrəman general-leytenant Rövşən Əkbərovun yeni təyin olunmuş müdafiə nazirilə bağlı müsahibə verib.
General-leytenant Rövşən Əkbərovla İlham Əliyevin bu qərarını alqışlayıb:
“Prezident, ali baş komandan İlham Əliyev həmişə olduğu kimi yenə də çox düzgün qərarlar qəbul edib. Biz yeni müdafiə naziri Zakir Həsənovu peşəkar, düzgün, təmiz, intizamlı və yaxşı bir zabit kimi tanıyırıq. Hesab edirəm ki, dövlətimiz və ordumuz üçün gözəl işləyəcək. Vətəninə, prezidentinə, ali baş komandanına canla-başla xidmət etmək istəyən hər bir generalın əl-qolu yenidən açıldı, imkanlar yarandı. Yeni nazirə uğurlar arzulayıram”.
General-leytenant hesab edirəm ki, zabitlərin və əsgərlərin şəraiti yaxşılaşdırılmalıdı:
“Əsas vəzifələr ali baş komandanın tapşırıqlarını vaxtında, düzgün yerinə yetirmək, təmiz işləmək, ordunun döyüş hazırlığını yüksək səviyyəyə çatdırmaqdır. Eyni zamanda ali baş komandan əmr verdiyi an torpaqlarımızı işğaldan azad etməyə hazır olmaqdır. Biz zabitlər, əsgərlər, bütün ordu hər an buna hazır olmalıyıq.
Vacib işlərdən biri də zabitlərin, əsgərlərin şəraitinin yaxşılaşdırılmasıdır. Biz yeni nazirdən şəraitimizin yaxşılaşdırılmasını gözləyirik. Elə etməliyik ki, hər bir valideyn uşağını əsgərliyə göndərəndə arxayın olsun, narahatlıq keçirməsin və bilsin ki, övladı yaxşı şəraitdə qulluq edir və sağ-salamat evinə qayıdacaq”.
Rövşən Əkbərov yeni nazirin təqdim olunması mərasimində danışarkən bildirib:
“Gözəl mərasim keçdi. Yeni nazirin təyin və təqdim olunmasından hamı çox razı qaldı, şad oldu. Çox gözəl əhval-ruhiyyə var, hamı çox şaddır. Bütün zabitlər tapşırıqları canla-başla yerinə yetirəcəklər. Generallarımız məmnundur. Başqa cür ola da bilməz, çünki yeni nazirin təyin olunması ali baş komandanın qərarıdır. Hamı yerindədir, başqa dəyişiklik yoxdur”.