İyunun 15-də Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. 1993-cü ilin bu günü Naxçıvandan Bakıya qayıtdıqdan sonra Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Bu bayram Azərbaycan parlamentinin 27 iyun 1997-ci il tarixli qərarı ilə təsis edilib. 1998-ci ildə isə dövlət bayramı statusu alıb.
Politoloq, publisist, televiziya və radio aparıcısı, Rusiyanın ən məşhur aparıcılarından biri Mixail Leontyev Media.Az-a Azərbaycanın Milli Qurtuluş Günü ilə bağlı danışıb:
“Heydər Əliyev unikal şəxs idi. Heydər Əliyevin SSRİ hakimiyyətində tutduğu və məcburi şəkildə tərk etdiyi vəzifədən başlayaq. O, çox əhəmiyyətli fiqur, şəxsiyyət idi. Əgər öz vəzifəsində qalsaydı, Sovet İttifaqı adlandırılan bu böyük ölkənin taleyinin başqa cür olması mümkün idi”.
“Azərbaycan gənc ölkədir və dövlətin qurulmasında Heydər Əliyevin rolu danılmazdır. Ancaq biz postsovet məkanındakı ölkələrdə hadisələrin fərqli, heç də hər zaman müsbət olmayan inkişafı variantlarını da gördük. Azərbaycanda hər şey Heydər Əliyevin sayəsində ən yaxşı ssenari ilə getdi. O, vəziyyəti dərindən dərk edən müdrik insan idi. Əslində, ən çox təəssüf etdiyim odur ki, Heydər Əliyevə böyük ölkədə - SSRİ-də böhran əleyhinə potensialını həyata keçirməyə imkan vermədilər. Azərbaycan üçün isə yalnız sevinmək olar”, - deyə M.Leontyev bildirib.