Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Mormon Kilsəsi Azərbaycandakı nümunəvi dini tolerantlığa görə təşəkkür etdi
Azərbaycan hökuməti Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsini rəsmi qeydiyyata alıb.
Oxu.Az xəbər verir ki, qeydiyyat dini təşkilata paytaxt Bakı ərazisində kilsə adından fəaliyyət göstərmək hüququnu verir.
Öz növbəsində, kilsə rəhbərliyi Azərbaycan hökumətinə təşəkkür edib. Vurğulanıb ki, Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqa mühüm töhfə verir və ölkəmizdə tarixən müxtəlif dinlərin nümayəndələri vahid bir ailə kimi dinc və sülh şəraitində yaşayır.
Qeyd edək ki, ABŞ kilsəsi ilə Azərbaycanın rəsmiləri və dini liderləri arasında birbaşa və səmimi münasibətlər 2015-ci ildən etibarən inkişaf etməyə başlayıb. Onun rəsmi qeydiyyatı prosesi üzrə işlər 2023-cü ilin payızından bəri davam edir.
Rəsmi qeydiyyat İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinə Azərbaycanda bank hesabı açmaq, daşınmaz əmlakı icarəyə götürmək və ya ona sahib olmaq, humanitar könüllülər üçün vizalar almaq imkanı verir.
Əlavə edək ki, ABŞ hökumətinin hazırladığı 2022-ci il Beynəlxalq Dini Etiqad Azadlığı Hesabatına əsasən, 2023-cü ilin əvvəlinə Azərbaycanda 993 icma qeydiyyatdan keçib. Onlardan 956-sı müsəlman, 26-sı xristian, 8-i yəhudi, ikisi bəhai və biri Krişna icmasıdır. Ölkəmizdə 2253 məscid, 16 kilsə, yeddi sinaqoq və 10 dini təhsil müəssisəsi fəaliyyət göstərir.