Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu son vaxtlar cəbhə xəttində atəşkəsin pozulması və əsgər ölümlərinin artması ilə bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb.
Oxu.Az xəbər verir ki, son vaxtlar baş verən ölüm hallarının əksəriyyəti xəstəlik, intihar və ehtiyatsızlıqla əlaqələndirilməsi, cinayət işinin nəticələri, ölümün əsl səbəbləri barədə cəmiyyətə nə dərəcədə dolğun informasiya ötürülüb-ötürülməməsi barədə sualı cavablandıran Eldar Sabiroğlu bildirib ki, nazirlik bu məsələdə heç bir şeyi gizlətmir:
“Baş verən hər hansı hadisənin səbəbləri ictimaiyyət və KİV-dən qapalı saxlanılmır. Müdafiə Nazirliyi olaraq hər bir itki bizi ağrıdır və əsgər ölümləri onun qohum əqrabasını, yaxınlarını necə üzürsə, bizi də eyni dərəcədə məyus edir. Ancaq çox təəssüf ki, bəzi hallarda bu ölümlərin qarşısnı almaq mümkün olmur.
Bu kimi ölümlər təkcə bizim orduda baş vermir. Dünyanın bütün ordularında belə faktlar olur və hətta bizdə müşahidə olunandan daha çox. Misallar da gətirə bilərəm. Elə MDB ölkələrinin özünü götürək. Müharibə şəraitində olmayan bu ölkələrin bəzilərində əsgər ölümləri bizim ordumuzdakından qat-qat artıqdır.
İndi gəlin baxaq, bəs ölümlər oralarda niyə baş verir? Mən bununla heç də nəyəsə bəraət qazandırmaq istəmirəm. Sadəcə vəziyyətə təsir edən bəzi detallar da var ki, onları kənara atmaq olmaz. 20 ildən çox gedən müharibə şəraitinin əsgərdə yaratmış olduğu psixoloji sarsıntıları, stresi diqqət önünə almaq lazımdır. Min kilometr təmas xəttində səngərdə dayanan Müdafiə Nazirliyinin əsgərləridir.
Buna baxmayaraq baş verən hadisələrə həm KİV-in, həm də ictimaiyyətin həssas münasibətini təbii qarşılayırıq. Bu bizim səmimi sözümüzdür. Bizi kəskin tənqid edənləri də başa düşürük. Lakin təəssüf və təəccüb doğuran bir məqam var. Bütün KİV-i bura aid etməsəm də, istisna hal kimi bəzi mətbuat orqanları sanki gözləyirlər, orduda bir xoşagəlməz hadisə yaransın və onu şişirdilmiş, həyəcanlı şəkildə teztap ictimaiyyətə çatdırsınlar.
Burada cəmiyyətə Müdafiə Nazirliyinə qarşı mənfi fikir və bir inamsızlıq aşılamaq cəhdini hiss edirik. Elə çıxır ki, bizi heç əsgər ölümləri narahat etmir. Bu necə ola bilər? Bizim bir xahişiniz var. Ölən əsgərin ailəsinin, qohum-əqrabasının hislərinə təsir edəcək bu cür şişirdilmiş və müxtəlifrəngli yazıları dərc edərkən bir az düşünmək lazımdır.
Hər bir ölüm hadisəsi ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ciddi tədbirlər görülür. Hərbi Prokurorluq da öz növbəsində fakt üzrə cinayət işi qaldıraraq istintaq aparır. Nəticə barədə də ictimiayyətə vaxtaşırı məlumatlar verilir.
Tam səmimiyyətlə deyirəm ki, faktı gizlətmək heç kimin marağında deyil. Niyə ört-basdır etməliyik ki? Axı, bu vicdan məsələsidir. Burada ürəyimizə daş bağlayıb oturmamışıq. Müharibə şəraitini nəzərə almalıyıq. İnsanlarımızı, ictimaiyyəti doğma ordumuz barədə daha mükəməl, daha yaxşı məlumatlarla bilgiləndirməliyik.
Orduda intihar hallarının da sayı artıb. Sentyabrın 4-də və elə bu saatlarda da daha bir əsgərimiz intihar etdi. Bu kimi halları doğuran səbəblər nədir?”.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri intihar hallarının sayı artmasın və elə bu saatlarda əsgər intihar etməsi barədə suala cavab olaraq bildirib ki, bütün qoşun növlərində xidmət edən əsgərlər bizim övladlarımızdır və oradakı ölüm halları da heç kimi sevindirə bilməz.
“Çünki başımızı qaldırıb yuxarıda Allahımızı görməliyik. Lakin qəribədir ki, bəzi qoşun növlərində həlak olan əsgərləri də nədənsə Müdafiə Nazirliyinin əsgəri kimi təqdim edirlər və qarşı tərəf də buna öz reaksiyasını vermir...
Beləliklə də, bütün informasiya məkanı düşür üstümüzə. Biz də müəyyən kriteriyaları gözləmək şərtilə deyə bilmirik ki, bu bizim əsgər deyil, gedin başqa qoşun növündən soruşun.
Müharibə şəraitidir. İtkilər ola bilər. Həm də bayaq dediyim kimi mövcud vəziyyətin əmələ gətirdiyi psixoloji gərginliyi də nəzərdən qaçırmaq lazım deyil. Yeri gəldi-gəlmədi Müdafiə Nazirliyini ittiham obyektinə çevirmək düzgün deyil. Haqsız işimiz varsa tənqid edin, haqlı işimizi isə obyektiv dəyərləndirməyi xahiş edirik”.
Eldar Sabiroğlu qeyd edib ki, bu gün intihar edən əsgərlə bağlı rəsmi məlumat yayaraq hadisənin hansı şəraitdə baş verdiyini açıqlayıblar.
“Hazırda fakt üzrə cinayət işi başlanılıb. Ölümün baş vermə səbəbləri istintaqın yekunundan sonra məlum olacaq”.