"1991-93-cü illər Azərbaycanın bir həyat hekayəsi idisə, 1993-cü il iyunun 15-dən sonra ölkənin məhz dövlətçilik ruhunda böyüməyi və inkişafı başladı".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Milli Qurtuluş günü Azərbaycanın müasir tarixində ən mühüm hadisələrdən biridir. Xalqımız çox doğru olaraq bu günü Qurtuluş Günü kimi elan edib, qəbul edib və bayram edir. Çünki müasir Azərbaycan dövlətçiliyinin tarixi də məhz 15 iyun Milli Qurtuluş Günündən başlayır. Azərbaycan öz müstəqilliyini de-yure (hüquqi və ya diplomatik tanınma-red.) 1991-ci ilin oktyabr ayında elan etsə də, təəssüflər olsun ki, həmin dövrdəki şərait Azərbaycan dövlətinin qurulmasına imkan vermədi.
Həmin dövrdə, iki il ərzində Azərbaycan çox ağır vəziyyətə düşdü, hərc-mərclik, vətəndaş müharibəsi və dövlətçiliyi itirmək təhlükəsi ilə üzləşmək həddinə çatdı. Həmin vaxt Azərbaycan xalqı yeganə doğru çıxış yolunu qəbul etdi və müdrik qərar qəbul edərək ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi.
Heydər Əliyevin o vaxt Azərbaycanda Ali Sovetin sədri vəzifəsinə seçilməsi bundan sonrakı dövrdə də Milli Məclisə rəhbərlik etdiyi və sonra Azərbaycan Prezidenti olduğu dövrdə məhz Azərbaycan dövlətçiliyinin əsasını qoydu. Ümummilli lider öz böyük dövlətçilik təcrübəsi, iradəsi, şəxsi cəsarəti və mən deyərdim ki, böyük riskə getməsi ilə Azərbaycanı xilas edə bildi. Həmin dövrdə artıq müxtəlif ölkələrin masaları üzərində xəritələr cızılmışdı və Azərbaycan bir neçə yerə bölünmüşdü. Bu da tarixin bir acı reallığı idi. Bizi bu bəlalardan məhz Heydər Əliyevin hakimiyyətə gəlməsi xilas etdi.
Qeyd etdiyim kimi həmin günlərdə Azərbaycanda vəziyyət vətəndaş müharibəsi həddinə gəlib çatmışdı. Xatırlayırsınızsa, həmin dövrdə şimalda bir qondarma sadval hərəkatı başlamışdı və Azərbaycanın bir hissəsini qoparmaq, separatist hərəkatı gücləndirmək və bununla da ölkəni parçalamaq niyyətində olan insanlar vardı.
Həmin dövrdə cənubda "Talış Muğan Respublikası" deyilən bir qondarma qurum xarici himayədarların dəstəyi ilə artıq meydana çıxmaq üzrə idi. Məhz həmin dövrdə Azərbaycan ərazilərinin böyük bir hissəsi işğal altında idi. Belə bir zamanda ümummilli liderin hakimiyyətə gəlməsi, onun öz iradəsi, siyasi təcrübəsi hesabına və dövlətçilik missiyasını yerinə yetirərək Azərbaycan xalqının bütün enerjisini bir yerə toplayaraq, məhz bu dövləti qurmasına səbəb oldu.
Qısa müddət ərzində ümummilli lider bütün təzyiqləri, o cümlədən də xarici təzyiqləri neytrallaşdıra, 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında olan dövlət çevrilişlərinə cəhdi dəf edə bildi və bundan sonrakı dövrlərdə isə artıq Azərbaycanın sabitləşməsi və inkişafı başladı. Bu mənada bizim bugünkü inkişafımız, ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın bölgədə və dünyada böyük nüfuz və güc sahibinə çevrilməsi məhz 15 iyundan gələn yolun davamıdır. Bu səbəbdən 15 iyun xalqımızın tarixində ən şərəfli tarixi hadisə kimi qalacaqdır", - deyə M.Quliyev bildirib.
Əzizə İsmayılova