Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nasizm Avropaya qayıdır?
Son dövrlər Avropanın müxtəlif sahələrdə üzləşdiyi və öhdəsindən gələ bilmədiyi, ya da bilərəkdən gəlmədiyi silsilə problemlər fonunda artıq bu qitədə yerləşən ölkələrin vətəndaşlarında mövcud hakimiyyətlərə qarşı inamsızlıq sindromu formalaşdırıb. Bunun nəticəsidir ki, bir çox Avropa ölkələrində ifrat sağçı-millətçi partiyalar hakimiyyətləri əldə etməyə başlayıblar. Hətta əldə edilən nəticələr bir-birinə zidd ideologiyaya xidmət edən partiyalar arasında koalisiya qurmağı çətinləşdirir ki, bu da daxili xaos və böhranların dərinləşməsinə gətirib çıxarır.
Son dövrlər əldə edilən nəticələrə nəzər salanda da görmək olur ki, Avropanın və Avropa İttifaqının gələcəyi həqiqətən də sual altındadır. Məsələn, Fransada iyunun 30-da keçirilən parlament seçkisinin birinci turunda Le Penin sağçı populist "Milli birlik" partiyası qələbə qazanmaqla hakimiyyəti koalisiyaya məcbur etmişdi.
İtaliyada isə sonuncu parlament seçkisində yenə də sağ mərkəzçilər qələbə qazanmışdı. "İtaliyan Qardaşları", "Liqa" və "İrəli, İtaliya" partiyalarını birləşdirən sağçıların koalisiyası rəqiblərini açıq fərqlə üstələmişdi.
Niderlandda ötən il keçirilən parlament seçkisində də analoji nəticələr qeydə alınıb. Belə ki, ifrat sağçı və islamofob Girt Vildersin Azadlıq Partiyası parlamentdə 35 mandata, mərkəz sağçılar isə 23 mandata sahib olub. Bu isə krallıqda əməlli-başlı çaxnaşma yaradıb, hətta ölkənin gələcəyini sual altına salıb. Çünki Vildersin cəmiyyətdə rezonans doğuran mühafizəkar mövqeyi digər partiyaların onun yer aldığı koalisiyada iştirak etməyəcəyinə gətirib çıxarıb, nəticədə hökumətin koalisiya qurması sual altına düşüb.
Niderlandın aqibəti ilə İspaniya da üzləşib. Bu ölkədə keçirilən son seçkidə də hökuməti formalaşdırmaq müşkülə çevrilib. Çünki bunun üçün heç bir siyasi qüvvə parlamentdə mütləq səs çoxluğu əldə edə bilməyib. Buna baxmayaraq, seçkinin yekun nəticəsi açıqlanandan sonra 350 yerlik Deputatlar Konqresində (parlamentin aşağı palatası) mühafizəkar Xalq Partiyası 136 mandat əldə etmişdi.
Dünən isə Almaniyanın Türingiya əyalətində keçirilən yerli məclis seçkidə də sağmərkəzli "Almaniya üçün Alternativ (AfD)" partiyası qələbə qazanıb. Həmin AfD ki, iyun ayında Avropa Parlamentinə keçirilən seçkidə ikinci yeri tutmuşdu. Əbəs deyil ki, partiyanın bu ardıcıl uğurlarından Kansler Olaf Şolts narahatlığını gizlədə bilməyib və bunu koalisiya hökumətindəki partiyaların məğlubiyyəti kimi dəyərləndirib.
Avropa Parlamentindən söz düşmüşkən, həmin seçkidə müvəffəqiyyət əldə edən ultra-sağçı partiya təkcə Almaniya AfD-si deyildi. Ümumiyyətlə sözügedən marafon birmənalı şəkildə sağçı partiyaların qələbəsi ilə başa çatmışdı ki, bu da Avropa İttifaqının gələcəyi ilə bağlı həyəcan təbilinin çalınmasına səbəb olmuşdu.
Sağçıların yüksəlişi Avropanın təkcə aparıcı ölkələrində deyil, ikinci, üçüncü dərəcələri ölkələrində də nəzərə çarpır, həm də daha çox. Polşa və Avstriya bunun əyani sübutudur. Avstriyada populist sağçı siyasi dəst-xətə malik olan Avstriya Azadlıq Partiyası hazırda ölkənin əsas siyasi təşkilatına çevrilib.
Bütün bu nəticələr, yəni İkinci Dünya müharibəsindən sonra sağçı-millətçi partiyaların ilk dəfə olaraq bu dərəcədə açıq fərqlə hakimiyyətləri ardıcıl ələ alması Avropanın və onun timsalında bəşəriyyətin gələcəyi üçün heç də müsbət nəticələrin olacağını deməyə əsas vermir. Çünki bu ölkələrin xalqları mövcud hakimiyyətlərindən və onların idelogiyalarından məhz cari problemlərə - miqrasiya, iqlim dəyişikliyi, enerji problemi, müharibələr, epidemiyalar, bir sözlə, dünyanı nizama salmaq əvəzinə əksinə, daha da yarıtmaz hala saldığına görə üz çevirib, çarəni qlobalist yox, daxili siyasətə köklənən sağçı-millətçilərdə görməyə başlayıblar. Əbəs deyil ki, həmin ölkələrin sadə vətəndaşları ilə yanaşı, müxalifyönlü siyasətçiləri də bunu Avropa İttifaqının səriştəsiz siyasəti ilə əlaqələndirir və dünyanı potensial fəlakətə sürükləyən bu amillərə görə məhz təşkilatın məsuliyyət daşıdığını bildirirlər.
Mərahim Nəsib
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Avropa Birliyində doğum nisbəti rekord dərəcədə aşağı düşüb
- Gürcüstanda yeni gərginliyin siqnalı - "Zurabişvili reallıq hissini itirib"
- Sanksiyalara rəğmən: Aİ Rusiya neftinin alışını maksimuma çatdırıb
- Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"