"Büdcə siyasətində sosialyönümlülük prinsipinin qorunmasına, insan resurslarının, o cümlədən gənclərin inkişafı və ictimai təşəbbüslərin dəstəklənməsinə xüsusi diqqət göstərilir".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, məqsəd iqtisadi artımın hər bir vətəndaşın həyatına daha çox müsbət təsir göstərməsi, investisiyaların real sektorda yeni imkanlar yaratması və cəmiyyətin ümumi inkişafına töhfə verməsidir:
"Bu baxımdan, büdcə layihəsi önəmli iqtisadi sənəd hesab olunur. Büdcə zərfində iqtisadiyyatın inkişafı, neft gəlirlərindən asılılığın azaldılması, özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması və valyuta ehtiyatlarının qorunması istiqamətləri öz əksini tapıb. 2026-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 57 faizi qeyri-neft-qaz sektorunun payına düşür. Növbəti ildə qeyri-neft-qaz sektorunun ÜDM-də payının 5 faiz artacağı proqnozaşdırılır".
Mərahim Nəsib