Azərbaycan Respublikasının paytaxtında “Parçalanmış dünyanın bərpası” (“Fixing The Fractured World”) mövzusuna həsr olunan XI Qlobal Bakı Forumu keçirilir.
Səhiyyə naziri Teymur Musayev XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” panel sessiyasında çıxış edib.
Nazir bildirib ki, bəşəriyyətin üzləşdiyi son qlobal təhlükələr hamımızı parçalanmış dünyanı bərpa etmək üçün sıx əməkdaşlıq etməyə məcbur edir:
“Hamının təhlükəsizliyi və sağlamlığının təmin edilməsi son dərəcə aktual məsələyə çevrildiyindən, bugünkü müzakirələr məqsədə çatmaq üçün kollektiv səylərimizi gücləndirəcək. Buna görə də daha yaxşı hazırlıq və adekvat strategiya davamlı qlobal səhiyyə infrastrukturu tələb edir”.
Teymur Musayev qeyd edib ki, səhiyyə sisteminə ənənəvi yanaşma müasir dövrün tələbləri ilə uzlaşa bilməzdi:
“İnformasiya texnologiyalarının sürətli inkişafı “Hər kəs üçün sağlamlıq” konsepsiyasının reallığa çevrilməsinə səbəb olub. Səhiyyənin rəqəmsallaşması sektorun yalnız texnoloji baxımdan deyil, öncəliklə mədəni baxımdan transformasiyadır. Rəqəmsal texnologiyalar birgə qərarvermə prosesində həkim-pasiyent münasibətlərini fərqli səviyyəyə qaldırır. Bu isə, fərdin sağlamlığı amilini önə çəkən yeni səhiyyə paradiqmasının yaranmasına yol açıb”.
Azərbaycanda İlham Əliyevin prezidentliyi dövründə sosialyönümlü siyasətin həyata keçirilməsi, rəqəmsal hökumətə keçid, iqtisadiyyatın şaxələndirilməsi hazırkı suverenliyimizi və regionun aparıcı ölkəsi kimi tanınmağımızı şərtləndirdiyini bildirən nazir vurğulayıb:
“Ölkə başçısının rəhbərliyi altında son 20 il ərzində Azərbaycanda milli səhiyyə sisteminin infrastruktur, insan resursları və səhiyyənin maliyyələşdirilməsi baxımından gücləndirilməsi istiqamətində mühüm işlər görülüb”.
Onun sözlərinə görə, dövlət başçısının 25 dekabr 2023-cü il tarixli Sərəncamı iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizəyə fəal töhfə verən, beynəlxalq birliyin etibarlı və məsuliyyətli üzvü kimi Azərbaycan Respublikasının rolunu xüsusilə vurğulayır:
“Bunun bariz təsdiqi bu ilin noyabrında COP29-un Bakıda keçirilməsidir”.
2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya naminə Həmrəylik İli” elan edildiyini vurğulayan nazir sağlamlığımızın yaşadığımız mühitlə sıx bağlı olduğunu qeyd edib:
“İqlim dəyişikliyi sağlamlığımıza, rifahımıza və təhlükəsizliyimizə əhəmiyyətli dərəcədə təsir göstərir”.
Teymur Musayev, həmçinin “Hər kəs üçün sağlamlıq” konsepsiyasının Azərbaycanda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Azərbaycan Hökuməti işğaldan azad edilən ərazilərin təmir - bərpası istiqamətində misli görünməmiş yenidənqurma işləri aparır:
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə işğaldan azad edilən ərazilərə əhalinin sağlam inteqrasiyası üçün psixoloji dəstək layihəsinə başlayıb”.
“Biz səhiyyə üzrə qlobal əlaqələndirici təşkilat kimi Ümumdünya Səhiyyə Təşkilatını dünya əhalisinin sağlamlığını və rifahını qorumaq üçün norma və standartların müəyyən etməyə çağırırıq”, - deyə Azərbaycan səhiyyə naziri fikrini tamamlayıb.
15:15
Martın 14-də işə başlayan XI Qlobal Bakı Forumu davam edir.
AZƏRTAC xəbər verir ki, martın 15-də Forum çərçivəsində “Hər kəs üçün sağlamlıq” mövzusunda panel iclas keçirilir.
İclasa Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev moderatorluq edir.


15:04
XI Qlobal Bakı Forumun ikinci günündə növbəti panel iclası “Həyatda qalmağımızı maliyyələşdirmək: İqlim ədaləti” mövzusuna həsr olunub.
AZƏRTAC xəbər verir ki, panel iclasına Dünya Bankının Şərqi və Cənubi Afrika regionu üzrə sabiq vitse-prezidenti Hafez Qanem moderatorluq edib.
İclasda çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniels hazırda dünyanın bir çox ölkəsinin iqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkdiyini bildirib. Qeyd olunub ki, xüsusilə də zəif inkişaf etmiş və kiçik ada dövlətləri daha çox təsirə məruz qalır. Hazırda 3,6 milyon insan iqlimə həssas ərazilərdə yaşayır. Daha çox əziyyət çəkənlər isə gənclər, fiziki məhdudiyyətli şəxslər, uşaqlar və qadınlardır. İqlim dəyişikliyinin nəticələrindən əziyyət çəkən həssas insanlar diqqətdə saxlanılmalıdır.
“İqlim dəyişikliyi səbəbindən miqrant axını görməkdəyik. COVID-19 pandemiyası zamanı da onlar əsas təsirlərə məruz qalanlar sırasında idilər. Hazırda iqlim dəyişikliyi ilə mübarizədə qlobal həmrəylik göstərmək lazımdır. İtki və Zərər Fondunun yaradılması nəticəsində iqlim dəyişikliyinin yaratdığı mənfi təsirlərin azaldılması ilə yanaşı, iqlim baxımından həssas olan ölkələrə dəstək göstərə biləcəyik", - deyə o əlavə edib.
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım qeyd edib ki, təbii qazın vurduğu ziyan aradan qaldırılmalıdır.
O, ölkələrin iqlim dəyişikliyini ciddiyə almalarının vacibliyini diqqətə çatdırıb. “İnkişaf etmiş ölkələr təbiətə daha çox zərər vururlar. Bunun hesabını kim ödəməlidir? Dünyanın yaxşı bir məkana çevrilməsi üçün kim məsuliyyət daşımalıdır? Biz bu kimi suallara cavab tapmalıyıq”, - deyə sabiq Baş nazir bildirib.
Sonra çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev təmiz ətraf mühitin və yaşıl iqtisadiyyatın artırılmasının Azərbaycanın strategiyasının əsas xəttini təşkil etdiyini vurğulayıb.
Az inkişaf edən ölkələrdə iqlim dəyişmələrinin problem və çətinliklər yaratdığın bildirən E.Əliyev qeyd edib: “Azərbaycan orta gəlirli ölkələr sırasında yer alır və yaşıl enerjinin keçidini təmin edirik. Eyni zamanda, işğaldan azad olunmuş ərazilər yaşıl enerjili ərazi kimi elan edilib. Xəzəri külək enerjisinin ixracatçısına çevirəcəyik. Biz iqlim maliyyələşdirilməsində uğur qazanmaq və bunu ayrı-seçkilik olmadan etmək istəyirik”.
UNESCO-nun 2009-2017-ci illərdə baş direktoru, Beynəlxalq Elm Şurasının hamisi, BMT Sülh Universitetinin İdarə Heyətinin sədri İrina Bokova deyib ki, hər şey təhsildən başlayır. Bu bünövrədir. Bizim yaşam tərzimizi dəyişdirən yaşıl iş yerləri təhsildən keçir. Biz artıq hər bir layihədə elm tutumluluğu gücləndirməliyik.
2009-2011-ci illərdə Belçikanın Baş naziri İv Löterm çıxışında zamanın insanlara qarşı işlədiyini, biznes ssenarisi ilə davam ediləcəyi təqdirdə nəyəsə nail olmağın mümkünlüyünü diqqətə çatdırıb.
Çıxışında iqlim dəyişikliyinin yaratdığı maliyyə böhranlarından danışan Mavrikinin sabiq Prezidenti Ameenah Qurib Fakim həssas ölkələrin həmin qlobal problemin mənfi təsirlərindən qorunmasına kömək məqsədilə İtki və Zərər Fondunun təsis olunmasının əhəmiyyətindən danışıb.
O, Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün dövlət və özəl sektorları arasında əlaqənin yaradılmasının vacibliyini diqqətə çatdırıb.
Malavinin sabiq Prezidenti Coys Banda Afrikada mövcud olan problemlər haqqında danışıb. Qeyd edib ki, təşkilatlar, icmalar Afrikanın səsini duymalıdırlar. “Artıq biz də burada icmalara qısa yollarla çıxış tapmalıyıq. Onların nələrə ehtiyacı olduğunu öyrənməliyik", - deyə sabiq Prezident diqqətə çatdırıb.
Panel iclasında çıxış edən Rumıniyanın sabiq Baş naziri Petre Roman dünyanın gələcəyi ilə bağlı qarşıda duran məsələlərin müzakirəsinin əhəmiyyətini vurğulayıb. O, maliyyə məsələləri və iqlim dəyişiklikləri ilə bağlı risklərə toxunub.
“Biz atmosferdə aktiv çirkləndiricilərin aradan qaldırılması barədə düşünməliyik. Uzunmüddətli dayanıqlı maliyyələşmə gözlənilən nəticələri əldə etməyə imkan yaradacaq. Qarşımızda duran hədəflərə nail olmaq üçün öz rollarımızın öhdəsindən layiqincə gəlməliyik”, - deyə Petre Roman əlavə edib.
Ümumdünya Təbiət Fondunun (WWF) İqlim və Enerji üzrə Qlobal Təcrübə Lideri, Perunun sabiq ətraf mühit naziri, COP20-nin prezidenti Manuel Pulqar Vidal isə deyib: “Biz insanların səsini eşitməliyik. Bunun üçün böyük işlər görülməlidir”.
O diqqətə çatdırıb ki, dünya iqtisadiyyatları iqlim debatlarına qatılmalıdır, kollektiv şəkildə tədbirlər görülməlidir.
Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.
09:28
XI Qlobal Bakı Forumunun ikinci günü panel iclasları ilə davam etdirilir.
“Report” xəbər verir ki, “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən forumun ikinci günündə COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, o cümlədən iqlim, səhiyyə, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolundan bəhs ediləcək.
Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.